Accessibility links

Milli Şura: Qiyasa verilən hökm irtica rejiminin özü-özünə verdiyi hökmdür


Qiyas İbrahimov
Qiyas İbrahimov

Milli Şura heykəl məhbusu Qiyas İbrahimovun həbsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:

"25 oktyabr tarixində Azərbaycan ictimai-siyasi tarixinin istənilən siyasi hakimiyyətə utanc gətirəcək növbəti hadisəsi yaşandı. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən məhkəmə prosesi NİDA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimova törətmədiyi cinayətə görə 10 il müddətinə azadlıqdan məhrumedilmə cəzasının təyin edilməsilə yekunlaşdı.

Bu ağır cəza, əslində, fərqli düşünən, azad fikirli, bütpərəstlik və şəxsiyyətə pərəstiş kimi artıq totalitarizm tarixinin arxiv materialına çevrimiş ictimai-siyasi rudimentləri deyil, azadlıq, bərabərlik, demokratiya kimi ümumbəşəri dəyərləri seçən Azərbaycan gəncliyinə oxunmuş hökmdür.

Hətta qəsdən adamöldürmə, vətənə xəyanət kimi xüsusilə ağır cinayətlərə görə heç də həmişə təyin edilməyən bu ağır cəza, əslində, fərqli düşünən, azad fikirli, bütpərəstlik və şəxsiyyətə pərəstiş kimi artıq totalitarizm tarixinin arxiv materialına çevrimiş ictimai-siyasi rudimentləri deyil, azadlıq, bərabərlik, demokratiya kimi ümumbəşəri dəyərləri seçən Azərbaycan gəncliyinə oxunmuş hökmdür. Lakin tarixi proses baxımından bu, vicdanı ləkəli ədalət dəlallarının dililə bütpərəslik və şəxsiyyət kultunun özü qədər köhnəlmiş və nimdaşlaşmış Azərbaycan irtica rejiminin özü-özünə verdiyi hökmdür.

Özünə güvənən heç bir hakimiyyət öz vətəndaşları, öz gəncliyi ilə belə qisasçı və ədalətsiz rəftar edə bilməz.

Qiyas İbrahimovun narkotik vasitələrlə heç bir əlaqəsinin olmaması, “heykəl məhbusu” olması bu gün nə ölkə daxilində, nə də beynəlxalq ictimaiyyətdə heç kimdə şübhə doğurmur. Yüksək intellektli, azad düşüncəli, vicdanlı və dürüst, Vətənini xoşbəxt görmək istəyən 22 yaşlı bir gənci belə primitiv üsulla şərləyib cəzalandırmaqla beynəlxalq miqyasda bugünədək korrupsiya çempionu, mətbuat yırtıcısı, insan hüquqlarının düşməni kimi titullar qazanmış Əliyev rejimi öz korlanmış reputasiyasına daha bir mənfi çalar qatdı. Bundan sonra Azərbaycan dünyada həm də “hazırki prezidentin atası olan keçmiş prezident və sovet xüsusi xidmət generalının heykəlinə qraffiti yazdığına görə gənclərin 10 il həbs cəzası aldığı ölkə” kimi tanınacaq. Mübaliğəsiz demək olar ki, bu təqdimatdan ən çox zərbəni elə hakim rejim özü alacaq. Heydər Əliyevin heykəlinin postamentinə “Qul bayramınız mübarək” yazdığına görə Qiyas İbrahimova verilən belə ağır cəza həm də hakimiyyətin ideoloji müstəvidə məğlubiyyətindən doğan çarəsizliyinin etirafıdır. Özünə güvənən heç bir hakimiyyət öz vətəndaşları, öz gəncliyi ilə belə qisasçı və ədalətsiz rəftar edə bilməz. Dövlət və dövlətçilik adına utanc gətirən, məhkəmə sistemini hakim iradənin əl oyunçağı kimi bütövlükdə ifşa edən bu addım ilk baxışda cəmiyyəti və xüsusilə də gəncliyi qorxutmağa hesablansa da, gerçəkdə daha çox hakimiyyətin hər gün ağırlaşan ictimai-siyasi və sosial- iqtisadi proses qarşısında artan qorxusunun, acizliyinin və çarəsizliyinin təzahürüdür. Əminliklə deyirik ki, aşınmış, köhnəlmiş, cəmiyyət tərəfindən rədd olunan bütpərəstlik ideologiyasını yaşatmaq üçün rejimin atdığı bütün qanunazidd addımlar onun ömrünü uzatmağa deyil, əksinə, son dayaqlarını da sarsıtmağa xidmət edəcək.

İnsan haqları müdafiəçiləri Qiyas İbrahimovun heykəlin postamentinə "Qul bayramınız mübarək!" şüarı yazdığına görə şərlənərək həbs olunduğunu deyir.
İnsan haqları müdafiəçiləri Qiyas İbrahimovun heykəlin postamentinə "Qul bayramınız mübarək!" şüarı yazdığına görə şərlənərək həbs olunduğunu deyir.

Heç bir təqib və təzyiq xalqımızın, gəncliyimizin mübarizə əzmini, azadlıq istəyini sarsıda bilməz. 150 milyarddan artıq neft sərvətini talan etdikdən sonra ölkəni iqtisadi böhran, yoxsulluq, işsizlik və ümidsizliklə üz-üzə qoymuş Əliyev rejimi bütün ümidlərini polis dəyənəyi və qanunların hər gün tapdandığı məhkəmə sisteminə bağlasa da, çürümüş ideoloji ehkamlarını həbslər və təqiblərlə yaşatmaqda rüsvayçı məğlubiyyətə məhkumdur.

Azərbaycan siyasi hakimiyyətindən öz xalqına qarşı qisasçı və repressiv davranışından əl çəkməyi və Qiyas İbrahimov daxil olmaqla bütün siyasi məhbusları azad etməyi tələb edirik!

Demokratik Qüvvələrin Milli Şurası olaraq Qiyas İbrahimova qarşı bu rüsvayçı hökmü lənətləyir, Azərbaycan siyasi hakimiyyətindən öz xalqına qarşı qisasçı və repressiv davranışından əl çəkməyi və Qiyas İbrahimov daxil olmaqla bütün siyasi məhbusları azad etməyi tələb edirik!"

Oktyabrın 25-də NİDA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimov narkotik ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

NİDA hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıblar.

Azərbaycanda müxalifət üzvləri, dissidentlər, jurnalistlər və sivil cəmiyyət fəalları tez-tez qeyri-siyasi ittihamlarla həbs olunur və uzun müddətli həbs cəzalarına məhkum edilirlər. Human Rights Watch, Amnesty International və Freedom House kimi beynəlxalq insan haqları təşkilatları Azərbaycan hökumətinin məhkəmələrdən tənqidçilərinə qarşı cəza mexanizmi kimi istifadə etmək siyasətini tənqid edirlər.

XS
SM
MD
LG