Accessibility links

Sabah Milli Şura prezidentliyə vahid namizəd irəli sürə bilər


Milli Şuranın sessiyası
Milli Şuranın sessiyası

Milli Şuraya daxil olan aparıcı siyasi qüvvələr Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyir

İyulun 2-də Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) 2-ci sessiyası keçiriləcək.

Milli Şuranın İcra Aparatının mətbuat xidmətinin məlumatına görə, sessiyanın gündəliyinə Milli Şuranın prezidentliyə vahid namizədinin üzərinə götürəcəyi öhdəliklərlə bağlı memorandum layihəsi, vahid namizədin irəli sürülməsi, Milli Məclisə, Baş Prokurorluğa və Mərkəzi Seçki Komissiyasına müraciətlər, vahid namizədin seçki qərargahının formalaşdırılması üçün tövsiyə qərarı daxildir.

DQMŞ sabahkı sessiyasında bu ictimai qurumun rəhbəri Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin irəli sürülməsi də gözlənilir.

Turan agentliyinin Milli Şurada təmsil olunan aparıcı siyasi qüvvələrin nümayəndələri ilə keçirdiyi sorğu bundan bir daha xəbər verir.

“Düşünürəm ki, iyulun 2-də vahid namizəd məsələsi həll olunacaq. Buna alternativ yoxdur. Vaxt gedir, təxirə salmağın mənası yoxdur və məncə, sağlam düşüncə qalib gələcək”, - EL hərəkatı sədrinin müavini Zəfər Quliyev bildirib.

Onun sözlərinə görə, EL hərəkatı Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləmək niyyətindədir.

AXCP də R.İbrahimbəyovun namizədliyini dəstəkləyir.
“Bizim mövqeyimiz birmənalıdır: biz vahid namizəd kimi Milli Şuranın sədri Rüstəm İbrahimbəyovu dəstəkləyirik”, - AXCP Ali Məclisinin sədri Həsən Kərimov bildirib.

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər deyib ki, onun partiyası R. İbrahimbəyovu dəstəklədiyini öncədən bildirib.

“Liberal Partiyası da öz namizədini dəstəkləyəcək. Bu, R.İbrahimbəyovdur. Biz bu barədə iyunun 6-da bəyan etmişik”, - Liberal Partiyasının rəhbəri Əvəz Temirxan vurğulayıb.

Müsavat Partiyasının lideri İsa Qəmbər şərh verməyərək deyib ki, sessiya açıq olacaq və jurnalistlərin baş verənləri müşahidə etmək imkanları olacaq.

Öz növbəsində, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn deyib ki, vahid namizədliyə iddiaçılar sırasında yalnız Rüstəm İbrahimbəyovun adı çəkilir.
XS
SM
MD
LG