Accessibility links

Milli Şura üzvləri Siyavuş Novruzova cavab verib


Milli Şura
Milli Şura

Cavabları Azadlıq qəzeti dərc edib

Milli Şura üzvləri iqtidarda olan Yeni Azərbaycan Partiyasının icra katibi Siyavuş Novruzova cavab verib. Siyavuş Novruzov Amerikanın Səsinə müsahibəsində də Milli Şuranın ünvanına kəskin tənqidi fikirlər səsləndirib. Cavabları olduğu kimi diqqətinizə çatdırırıq.

Azadlıq qəzeti yazır ki, Milli Şuranın nə qədər önəmli bir qurum olduğunu hakimiyyət bizə hər gün xatırlatmaqdadır. Hakimiyyət təmsilçiləri gecə-gündüz müxalifətin yoxluğundan, Milli Şuranı alternativ kimi görmədiklərindən, bu qurumun heç bir perspektivi olmadığından danışmaqla, həm də bu qurumun hakimiyyəti narahat etdiyini etiraf etmiş olur.

Sual yaranır, əgər Milli Şura sizin üçün alternativ güc deyilsə, niyə bütün fəaliyyətiniz onun əks-təbliğatını aparmağa sərf olunub?
Gəlin məsələyə faktlarla yanaşaq.

“Yeni Azərbaycan” qəzetində 9 köşə yazarının, son 30 məqaləsi Milli Şura ilə bağlıdır. Eyni zamanda qəzetin hər gün bir neçə səhifəsi Milli Şuraya həsr olunur (Onu da qeyd edim ki, sonuncu yazı 9 dəfə oxunub).

“Səs” qəzetində son 50 yazı müxalifət liderləri və Milli Şuranın tənqidinə həsr olunub. Bu statistikanı digər hakimiyyətyönlü qəzetlərə və saytlara da şamil etmək olar.

Mübariz Qurbanlı, Əli Əhmədov, Siyavuş Novruzov və digərlərinin müsahibələri də demək olar ki, tamamən Milli Şura ilə bağlıdır.
Son müsahibəsində isə, Siyavuş Novruzov Milli Şuranı tabutda olan ölü adlandırıb və bu quruma bələdiyyə seçkilərində iştirak etməyi məsləhət görüb. Siyavuş Novruzov daha sonra bildirib ki, Ilham Əliyev alternativsizdir, Milli Şura isə saf məqsədlər üçün yaradılmadığına görə məğlubiyyətə məhkumdur.

Görəsən hakimiyyət zəif adlandırdığı müxalifətin yaratdığı Milli Şuraya niyə bu qədər güclü enerji sərf edir?

Milli Şura üzvü Sahib Kərimli hesab edir ki, hakimiyyət əndişə içində olduğu üçün rəqiblərinə qarşı müxtəlif əks-təbliğat kampaniyası aparır:

“Hakimiyyət gözəl bilir ki, cəmiyyətdə mövcud idarəetməyə qarşı münasibət çox pisdir. Ölkədə korrupsiya, özbaşınalıq, təhsil və səhiyyənin bərbad vəziyyəti, hüquqsuzluq insanları bezdirib və bu narazı kütlə mütləq öz etirazını ifadə etməlidir. Hakimiyyət bilir ki, narazı insanların istinad nöqtəsi Milli Şura olacaq. Çünki Milli Şura da hər zaman sadə insanların gündəlik problemlərini işıqlandırır və buna görə mübarizə aparır. Eyni zamanda cəmiyyət görür ki, ölkədə hakimiyyətin yarıtmaz siyasətinə qarşı prinsipial mövqe qoyan şəxslər Milli Şurada cəmləşib. Ona görə də iqtidar bu qurumu təhlükə mənbəyi kimi görür və Milli Şuranın dağılmasını istəyir. Siyavuş Novruzova gəlincə, hesab edirəm ki, bu adama reaksiya vermək lazım deyil. Siyavuş Novruzovun fikirlərinə münasibət bildirdikcə, o, daha komik vəziyyətə düşür. O, həmişəki kimi öz ampulasındadır”.

Milli Şura üzvü Gülağa Aslanlı bildirdi ki, hakimiyyət Milli Şuranı ciddi alternativ kimi görür və ona görə də bu qurumda fəaliyyət göstərən liderləri hədəfə alırlar:

“Seçki Məcəlləsinə görə, Rüstəm Ibrahiməbyovun namizədliyinin qeydə alınmaması düzgün deyil. Ancaq, hakimiyyət bu məcəlləyə qondarma əlavələr edib. Deməli, Milli Şuranın namizədi ilə rəqabət aparmaqdan çəkinirlər. Ümumiyyətlə, şəffaf seçkidə Milli Şuranın istənilən namizədi Ilham Əliyevə birmənalı qalib gələ bilər. Siyavuş Novruzov həmişəki kimi uğursuz şərhlər verir. Hakimiyyət indidən saxtakarlıqla məşğuldur və təbliğat kampaniyası başlamazdan əvvəl Ilham Əliyevin təbliğatın aparırlar. Bu isə Ilham Əliyevin namizədliyinin ləğv olmasına xidmət edən amildir. Siyavuş Novruzovun müxalifətlə bağlı söylədiyi istənilən fikir YAP-ın əleyhinə işləyir”.
XS
SM
MD
LG