Accessibility links

Milli Şura: Biz demokratik idarəetmənin bərpasına nail olacağıq


Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçicilərlə növbəti görüş mitinqi
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçicilərlə növbəti görüş mitinqi

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) Azərbaycan xalqına müraciət qəbul edib.

Müraciətdə ölkə vətəndaşları “baş alıb gedən qanunsuzluqlara, haqsızlıqlara, ədalətsizliklərə, sosial bərbərsizliyə göz yummamağa, cəmiyyətimizi mənəvi aşınmaya sürükləyən bu kimi neqatib hallara qarşı barışmaz olmağa” çağırılır.

“Biz xalqımızın müdrikliyinə, böyüklüyünə inanırıq. İnanırıq ki, sizlərlə birlikdə ata-babalarımızın bizlərə miras qoyub getdiyi mənəvi-əxlaqi dəyərləri sona qədər qoruyacaq, müstəqil dövlətçiliyimizin bir qrupun hakimiyyət və var-dövlət toplamaq ehtiraslarına qurban verməyəcəyik.

Biz sizlərlə bir yerdə Azərbaycanda haqq-ədalətin qalib gəlməsinə, avtoritarizmə son verilib sözün gerçək mənasında xalq hakimiyyətinin - demokratik idarəetmə üsulunun bərpa olunmasına nail olacağıq”, sənəddə qeyd edilir.

Sənəddə Azərbaycan ərazilərinin işğal altında olduğu qeyd edilir.

“1993-cü ildən bəri hakimiyyəti anti-konstitusyon yollarla zəbt etmiş ata və oğul Əliyevlər işğal altında olan ərazilərin azad olunması istiqamətində elə bir iş görə bilmədilər. Əksinə, Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək hüququnu addım-addım beynəlxalq təşkilatlara təslim etdilər”.

Milli Şura hesab edir ki, Əliyevlərin idarəçiliyi dövründə, xüsusilə son on ildə ölkədə rüşvətxorluq və korrupsiya tüğyan edir. “İndi beynəlxalq aləmdə hansı korrupsiya, rüşvət, maliyyə fırıldaqları aşkarlanırsa, onun içərisindən Azərbaycan çıxır. Avstriya məhkəməsi hələ bu gün də Azərbaycan xalqından oğurlanıb Panamaya transfer edilmiş milyonların araşdırmasını aparır. Bütün dünyada öz halal həyatı və yaşayışı ilə rəğbət qazanmış Azərbaycanın adı bu gün narkotrafikə çevrilmiş ölkələrlə bir sırada çəkilir. Bu yaxınlarda Gürcüstan ərazisində tutulmuş 3 tona yaxın narkotikin sərhədlərimizə necə daxil olub, necə çıxması haqqında sorğulara 3 aydır ki, cavab verən tapılmır”.

20 il ərzində yeridilən yarıtmaz idarəçilik Azərbaycan təhsilini və səhiyyəsini iflas həddinə gətirib. “Bu gün artıq hər kəs etiraf edir ki, ölkənin təhsil sistemi ən elementar ehtiyaclara cavab vermir. Bir vaxtlar böyük potensialı ilə öyündüyümüz Azərbaycan səhiyyəsi tam etimadsız bir duruma düşüb”.

Ölkənin hüquq mühafizə orqanları kriminalın içərisindədir. “Polis, prokurorluq, təhlükəsizlik və məhkəmə orqanları Azərbaycan vətəndaşlarının inamını itirib. Kadr siyasətində buraxılmış ciddi səhvlər, peşəkarlığın aşağı düşməsi, rüşvət və korrupsiya hallarının geniş yayılması hüquq mühafizə orqanlarına xalqın inamını sarsıdıb. Parlament yerlərinin satılmasından tutmuş, adam oğurluğuna qədər kriminal hallar Azərbaycan hakimiyyətinin adi həyat normasına çevrilib. Ölkədə müstəqil məhkəmə hakimiyyətinin olmaması on minlərə insanın haqqının pozulmasına, minlərlə vətəndaşın beynəlxalq məhkəməyə üz tutmasına səbəb olub”.

İnsan haqları və vətəndaş hüquqlarının vəziyyətinə görə Azərbaycan heç vaxt indiki qədər acınacaqlı vəziyyətdə olmayıb. “Hazırda ölkədə 105 siyasi və vicdan məhbusu var. Onların sayı durmadan artmaqda davam edir. Son vaxtlar ölkənin vətəndaş cəmiyyəti üzərinə başlamış total hücumlar, heç bir əsaslı sübutlar olmadan ölkənin ən namuslu adamlarının həbs atılması, hakimiyyətin öz opponentlərinə qarşı dövlətin imkanlarından qeyri-qanunu şəkildə yararlanması Azərbaycanda respublika üsul idarəsini təhlükə qarşısında qoyub”.

Azərbaycan xalqı Konstitusiyanın 1-ci maddəsinə əsasən hakimiyyəti fomalaşdırmaq kimi təməl hüququnu itirmək üzrədir.

“ATƏT-in seçki monitorinqi aparmağa səlahiyyətli olan Varşava bürosunun məlumatına görə 2008-ci ilin prezident seçkilərində saxtakarlığın səviyyəsi 23 faiz, 2010-ci ilin parlament seçkilərində 32 faiz, 2013-cü ilin prezident seçkilərində isə 58 faiz olub. Bu, vərəsəlik ənənələri üzrə hakimiyyəti mənimsəmiş İlham Əliyev və onun korrupsioner rejimin xalqın etimadını itirməsi deməkdir”, sənəddə qeyd edilir.

Öz növbəsində Azərbaycan iqtidarı seçkilərin azad və demokratik keçirildiyini, ölkədə siyasi məhbusların olduğunu, korrupsiyaya qarşı dövlət səviyyəsində ardıcıl mübarizə aparıldığını bildirir.

XS
SM
MD
LG