Accessibility links

Milli Şura “Panama sənədləri”nin araşdırılması üçün baş prokurora müraciət edib


The Guardian-da dərc edilmiş məqalə
The Guardian-da dərc edilmiş məqalə

Milli Şura bu yaxınlarda “Panama sənədləri” adı altında dünya mediasında yayımlanan materialların Azərbaycan hakimiyyəti ilə bağlı hissəsinin araşdırılması üçün baş prokuror Zakir Qaralova müraciət edib.

“Milli Şura baş prokurordan hüquqi araşdırmaya başlamağı və araşdırmanın gedişatı, nəticələri barədə mümkün qədər qısa müddətdə ictimaiyyətə məlumat verməyi tələb edir”, qurumun müraciətində deyilir.

“İstər prezident Ilham Əliyev, istərsə də deputat Mehriban Əliyeva 2008 və 2013-cü illər prezident və 2005, 2010 və 2015-ci illər parlament seçkilərində Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri əmlak və gəlir bəyannamələrində Panama və Vircin adalarındakı ofşor şirkətlərində qeydiyyatda olan əmlaklarını və bu şirkətlər vasitəsilə əldə etdikləri gəlirləri bəyan etməyiblər. Azərbaycan seçki qanunvericiliyinə görə isə bu, istər prezident, istərsə də parlament seçkilərinin nəticələrini ləğv etmək üçün ciddi hüquqi əsasdır. Əgər bu əmlak və gəlirlər seçki bəyannamələrində bəyan edilibsə, onların Azərbaycan xalqından gizlədilməsi faktı artıq Mərkəzi Seçki Komissiyası üzərində ciddi hüquqi və siyasi məsuliyyət yaradır”, Milli Şura baş prokura müraciətində qeyd edir. .

Müraciətdə xatırladılır ki, 2016-cı il aprelin 5-də Böyük Britaniyanın nüfuzlu “The Guardian” qəzetində “London law firm helped Azerbaijan’s first family set up secret offshore firm” (London hüquq firması Azərbaycanın birinci ailəsinə gizli ofşor şirkəti yaratmaqda kömək edib) başlıqlı məqalə dərc olunub.

Məqalədə deyilir ki, Əliyevlər ailəsi Böyük Britaniyanın Vircin adalarında yaradılmış məxfi ofşor şirkət vasitəsilə Birləşmiş Krallıqda milyonlarla funt-sterlinq dəyəri olan mülklər alıb.

“Leyla və Arzu Əliyevalar 2015-ci ildə qeydiyyatdan keçmiş “Exaltation Limited” adlı şirkətin səhmdarlarıdır. “The Guardian” yazır ki, bundan əvvəl Leyla Əliyevanın Londonun şimalındakı Hampstead Lane küçəsində 17 milyon funt sterlinqlik malikanəyə sahib olduğu bilinirdi. Sızmış sənədlərdən bəlli olur ki, o, yeni ofşor şirkətini 2015-ci ildə açıb. Sənədlərə əsasən, ehtimal etmək olur ki, 2003-cü ildə yaradılmış “Ata Holding”in birinci sahibi Azərbaycanın vergilər naziri Fazil Məmmədov olub. Onun nəzarət səhm paketinin qiyməti 600 milyon dollar təşkil edir. “The Guardian” yazır ki, 2005-ci ilə aid sənədlər, Məmmədovun iki böyük bank, tikinti şirkətləri və Bakıdakı beş ulduzlu “Excelsior” otelinin də daxil olduğu “Ata Holding”i prezident Əliyevin üç övladı ilə bölüşməyi planlaşdırdığını göstərir”.

Məqalədə deyilir ki, bütün bu əməliyyat Ingiltərədə qeydiyyatdan keçmiş “Financial Management Holding (UK) Ltd” tərəfindən həyata keçirilməli idi. Bu şirkətin 75 faiz səhmlərinə “Ata Holding”in sahib olduğu bəlli idi.

“The Guardian” yazır ki, 2005-ci ildə Mossack Fonsecaya göndərilmiş sənədlərdən FM-in Fazil Məmmədov olduğunu da söyləmək mümkündür.

Vəkil French Londondakı ofisində “Universe Foundation” şirkətində nəzarətin dəyişdiyinə dair sənədləri hazırlayıb. Yeni mənfəətdarlar Leyla və Arzu Əliyevalar və onların o vaxt 7 yaşında olan qardaşları Heydər Əliyev olmalı idi. Onların bu şirkətdəki marağı 50 faiz olmalıydı. Onların anası Mehriban Əliyevaya məxfi “himayədar” funksiyası verilirdi. Digər “himayədar” Fazil Məmmədov olmalı idi.

Sənədlərə görə, bu şirkətdə Məmmədovun özü şəxsən 30 faizlik mənfəətdar kimi yazılmışdı. “Ata”nın sədri Ahmet Erentokun cəmi 15 faizlik payı vardı. Yerdə qalan 5 faiz daha kiçik mənfəətdarlara gedəcəkdi.

Müqavilələrə görə, mənfəətdarlar öldüyü halda, onların hüquqları 18 uşağa və başqa qohumlara keçməli idi. “The Guardian” qəzetinin dərc etdiyi qrafik pulun iki başqa ofşor şirkəti vasitəsilə “Ata”dan prezidentin üç övladına necə ötürülməli olduğunu göstərir. Onlar sənədlərdə “anonim mənfəətdarlar” kimi keçirdilər. Onlara çatan ödənişlər vergidən azad olmalı idi.

Məqalədə deyilir ki, “Universe Foundation” 2007-ci ildə yaradılıb, lakin hazırda Leyla və Arzu Əliyevalar başqa bir Panama firması “Hughson Management Inc.” vasitəsilə “Ata Holding”in əsas sahibləri kimi göstərilirlər.

Müraciətdə qeyd olunur ki, ölkə prezidentinin ailə üzvlərinin, Milli Məclisin deputatı olan xanımının və Vergilər nazirinin kommersiya və biznes fəaliyyəti ilə məşğul olması Azərbaycan qanunvericiliyi ilə qadağan olunduğu halda, bu şəxslərin nəhəng ofşor biznes şəbəkəsinə sahib olması ciddi hüquqi araşdırma predmeti olmalıdır.

“Prezidentin xanımının və övladlarının, eləcə də ölkənin vergi siyasətinə və vergilərin tutulmasına görə məsul olan əsas şəxsin – Vergilər nazirinin özünün Azərbaycan dövlət büdcəsinə vergi ödəməkdən yayınmaq məqsədilə ofşor şirkətlər yaratması və bununla da külli miqdarda vergini büdcədən yayındırması faktları tərəfinizdən ciddi şəkildə araşdırılmalıdır. Məqalədə prezident ailəsinin və Vergilər nazirinin ofşor şirkətlər vasitəsilə qeydiyyatdan keçən və dəyəri yüz milyonlarla ABŞ dolları ilə ölçülən əmlaka sahib olması barədə konkret faktlar yer alır. Prezident ailəsinin və vergilər nazirinin qanunula qadağan edildiyi halda, biznes fəaliyyəti ilə məşğul olaraq yüz milyonlarla dəyəri olan sərvətə sahiblənməsi, bu sərvətləri Azərbaycan xalqından gizlətmək və Azərbaycan büdcəsinə vergi ödəməkdən yayınmaq məqsədilə Böyük Britaniyanın Vircin adalarında yerləşən ofşor şirkətlər vasitəsilə qeydiyyata aldırması adıçəkilən şəxslərin bu zaman ciddi korrupsiya əməllərinə yol verməsilə bağlı Azərbaycan cəmiyyətinin və Milli Şura olaraq bizim əsaslı şübhələrimizi daha da möhkəmləndirir”, Milli Şura qeyd edir.

Öz növbəsində, Azərbaycanın hüquq mühafiəz orqanları “Panama sənədləri” məqaləsi ilə bağlı hələ açıqlama verməyib.

Azərbaycan prezidentinin mətbuat xidməti isə “Euronews” televiziyasına bildirib ki, prezident Ilham Əliyev siyasi fəaliyyətə başlamamışdan əvvəl uğurlu biznesmen olub.

"Onun biznes fəaliyyəti şəffaf və qanuni olub. Cənab Əliyev prezident olandan sonra sahibkarlıq fəaliyyətini dayandırıb. Onun ofşor şirkətləri yoxdur. Bu barədə ittihamlar əsassızdır. Onun yaxınlarının biznesi tamamilə leqal və şəffafdır”, mətbuat xidməti qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG