Accessibility links

Milyonlarla manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunan keçmiş məmur azadlığa buraxılıb


Vidadi Muradov

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sabiq sədri Vidadi Muradov azadlığa buraxılıb.

Bu məlumatı Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmət təsdiq edib.

Yerli media orqanları keçmiş sədrin barəsində həbs-qətimkan tədbirini Bakı Ağır Cinayətlər Məhkəməsi dəyişdirdiyini bildirir. Buna səbəb onun xəstəliyi ilə bağlı müalicə almasıdır.

Bu açıqlamaya hələlik Vidadi Muradov, onun ailə üzvləri və vəkilindən münasibət almaq mümkün olmayıb.

Öz növbəsində, müxalifətdə olan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sabiq sədrinin həbsdən azad olunması barədə məhkəmə qərarını tənqid edib.

“"Azərxalça"nın rəisi Vidadi Muradovu bir neçə ay öncə hay-küylü korrupsiya ifşası ilə həbs etmişdilər. Milyonlarla manat dövlət əmlakının mənimsənilməsinə görə həbs olunmuşdu. Bu gün azad edilib. Yəqin ki, oğurladığı vəsaiti də lazım olan yerə ödəyib. Saleh Rüstəmli isə Elçibəy hakimiyyətində Gədəbəy rayonun İcra Hakimiyyətinin başçısı olub. Başkəndin azad edilməsi əməliyyatında həlledici rol oynayıb. Özü və bütün qardaşları könüllü döyüşçülər olublar. Rusiyada qurduğu kiçik biznesindən qazandığı şəxsi vəsatindən hər dəfə 300 - 500 dollar olmaqla, bir neçə dəfəyə bir neçə min dollar cəbhəçi siyasi məhbuslara yardım məqsədilə pul göndərib. Saleh Rüstəmli 4-cü ildir ki, həbsdədir. Özünün və qohumlarının əmlakı müsadirə edilib. Dövlətin milyonlarını mənimsəyən şəxs isə bir neçə aydan sonra azadlığa çıxır. Öz halal pulundan əqidə dostlarına bir neçə min manat yardım edənə isə qəddarlıqla divan tutulur. Təkcə bu müqayisədən sonra necə demək olar ki, bu ölkədə hüquq və ədalət var?” - deyə, Kərimli sual edib.

Prokurorluğun rəsmi məlumatına görə, Vidadi Muradov "Azər-İlmə" MMC-nin Bakı şəhərindəki inzibati binasının "Azərxalça" ASC-yə bazar qiymətlərindən yüksək qiymətə icarəyə verilməsində və başqa bu kimi məsələlərdə şübhəli sayılır. O, ümumilikdə 21 milyon 673 min manatı mənimsəmə, israf etmə yolu ilə talamaqda, habelə 640 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmaqda şübhəli bilinir.

Keçmiş sədr Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

Baş Prokurorluq, həçminin qeyd edib ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib:

"İstintaq zamanı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə Vidadi Muradov və onun ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış, qeyri-yaşayış sahələri, habelə "Azər-İlmə" MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub".

"Azərxalça" ASC də 2016-cı ilin mayında prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Cəmiyyətin əsas vəzifəsi xalça istehsalı, ixracı, onların ölkə daxilində, xaricdə satışının təşkili, yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadədir.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG