Accessibility links

Minimim əmək haqqı artırılır, qiymətlər qalxır, yoxsulluq səviyyəsi yüksəlir – müxalif və ekspert rəyi


Minimum əmək haqqı
Minimum əmək haqqı

Yanvarın 1-dən Azərbaycanda minimum əməkhaqqı 250 manatdan 300 manata qaldırılacaq.

Bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində nəzərdə tutulub.

Minimum əməkhaqqının artırılması avtomatik olaraq fərdi sahibkarlar tərəfindən Dövlət Sosial Sığorta Fonduna məcburi ayırmaların artmasına səbəb olacaq.

Belə ki, hazırda 62,5 manat olan ayırmalar 75 manata qədər yüksələcək.

Müxalifət və müstəqil ekspertlər ölkədə qiymətlərin sürətlə artması fonunda minimum əmək haqqının qaldırlmasının effektli olmayacağını bildirir.

Əli Kərimli
Əli Kərimli

Əli Kərimli: Peşəkar oğrular işlərini elə qurublar...

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib ki, ölkədə ardıcıl bahalaşma, qiymət artımları baş verir.

“Bunun nəticəsində milyonlarla insan yarıac vəziyyətə gəlib çıxıb. Bəs bahalaşmadan qazanan kimlərdir? Əlbəttə ki, kiçik bir qrup monopolist, korrupsioner, oğru. Bu peşəkar oğrular işlərini elə qurublar ki, həm Azərbaycanın ixrac, həm də idxal etdiyi malların qiymətinin artmasından qazanırlar.

Bu ilin 9 ayında Azərbaycan 14.6 milyard dollar dəyərində mal ixrac edib. Satdığımız malların qiyməti ötən illə müqayisədə 42 faiz artıb. Bu ilin 9 aylıq ixracatındakı bahalaşmadan 4.3 milyard dollar gəlir götürülüb. Bunun da 96 faizi neft-qaz sektorunun payına düşür. Beləliklə, təkcə neft və qazın qiymətinin artmasından cəmi 9 ayda ölkənin qazancı 7.3 milyard manat artıb. Ancaq biz öz həyatımızda nə görürük? Ardıcıl qiymət artımları. Dövlət rüsumlarının, aksizlərin, vergilərin artırılmasını görürük,” müxalifət lideri Facebook səhifəsində qeyd edib.

Rəşad Həsənov
Rəşad Həsənov

Rəşad Həsənov: Real bazar qiymətlərində 14-17 faiz artım var

Sosial məsələlər üzrə ekspert Rəşad Həsənov Amerikanın Səsinə müsahibəsində bildirib ki, minimum əmək haqqının nə indiki vəziyyəti, nə artırılacaq vəziyyəti reallıqla uzlaşmır.

Rəşad Həsənov:  Real bazar qiymətlərində 14-17 faiz artım var
please wait

No media source currently available

0:00 0:04:26 0:00

“Minimum əmək haqqı müəyyən ediləndə işləyən insanların işləməyən insanlara nisbəti əsas götürülməlidir. Bu gün Azərbaycanda təxminən 4 milyon 800 min məşğul insan var. Bu məşğul insanlar 10 850 000 insana baxır. Təxminən bir çalışan insan 2,2 insanı dolandırır. Hökumətin özü yaşayış minimumunun orta səviyyəsini 2022-ci il üçün 210 manat müəyyənləşdirib. Bu, o deməkdir ki, yaşayış minimumunun ən azı 2,2 nisbətində, yəni 440 manat səviyyəsində olması üçün işlər görülməlidir. Bundan başqa, hökumətin özünün qarşısına qoyduğu vəzifələr var idi. “2020-ci il Gələcəyə Baxış” konsepsiyasına görə 2020-ci ilədək minimum əmək haqqı dünya ortalamasına çatdırılmalı idi. Əslində minimum əmək haqqı orta əmək haqqının 60-65 fazizi səviyyəsində olmalı idi.”

Onun sözlərinə görə, hökumət hələ 2019-cu ildə elan edib ki, minimum əməkhaqqı qərarından 400 000 vətəndaş dövlət sektorunda, 500 000 vətəndaş isə özəl sektorda yararlanacaq. Belə çıxır ki, Azərbaycanda 900 000 insan minimum əmək haqqı alır. Bu mənada minimum əmək haqqının 20 faiz artırılması pis qərar deyil. Bu qərar 900 000 insanın müəyyən mənada rifahına təsir edə bilər.”

Ekspert hesab edir ki, minimum əməkhaqqı insanların rifahı ilə, real bazar qiymətləri ilə uzlaşdırılmalıdır.

“Əgər minimum əmək haqqı insanların rifahı ilə uzlaşırsa, əmək pensiyalarında olduğu kimi hər il infilyasiyaya uyğun olaraq indeksləşdirilməlidir. Bunun üçün konkret mexanizm müəyyən edilməlidir.”

Ekspertin dediyinə görə, rəsmi hesablamalara görə illik inflasiya 5 faiz götürülüb.

“Amma, bizim hesabalamalarımıza görə real bazar qiymətlərində 14-17 faiz artım var. Yəni hökumətin hesabalamaları ilə real qiymət artımı arasında 10 faizdən çox fərq var.”

Həsənov hesab edir ki, rəsmi elan edilən inflyasiya ilə real qiymət artımı arasındakı fərq hökumətin sosial siyasətinin effektivsizliyinə gətirib çıxarır.

“Qiymət aşınması yaşayış minimumunun, istelak zənbilinin düzgün hesablanmamasına və digər hallarada düzgün olmayan rəqəmlərin hesablanmasına səbəb olur. Bu isə dövlət siyasətinin nöqsanlar üzərində qurulmasına gətirib çıxarır.”

Rəşad Həsənovun fikrincə, qiymətlərin durmadan artması əhalinin gəlirlərinin dəyərsizləşməsinə, alıcılıq qabiliyyətinin aşağı düşməsinə, yoxsulluq səviyyəsinin artmasına səbəb olur.

“Rəsmi statistikaya inanmasaq belə, hökumətin rəsmi statistikası da yoxsulluğun 6,1 faizə yüksəldiyini etiraf edir,” o qeyd edib.

XS
SM
MD
LG