Accessibility links

Minlərlə insan Tbilisidə hakim partiyaya nə üçün etiraz edir?


Həftə sonu Tbilisidə müxalifətin kütləvi etiraz aksiyası polislə qarşıdurmaya çevrildi. İştirakçılar rəsmiləri ölkədə 31 oktyabrda keçirilmiş parlament seçkilərinin nəticələrini saxtalaşdırmaqda günahlandırır. Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatlarına görə, hakim “Gürcü Arzusu” partiyası səslərin 48%-ni toplayıb və bu, partiyaya üçüncü dəfə müstəqil hökumət qurma hüququnu verib. Müxalifət isə hesab edir ki, hakim siyasi partiya digər partiyaların səslərini oğurlayaraq, faizləri süni şəkildə artırıb.

Müxalif qüvvələrin etiraz aksiyası noyabrın 8-də günortadan sonra parlament binasının qarşısındakı meydanda başlamışdı. Əsas etirazlar isə daha sonra Mərkəzi Seçki Komissiyasının binasının əsas girişindəki meydanda baş verdi. Etirazçılar MSK rəhbəri Tamar Jvaniyanın istefasını tələb edib və saxtalaşdırmaların olduğunu bəyan ediblər. Daxili İşlər Nazirliyi bəzi etirazçıların binanın ətrafındakı polis kordonunu keçməyə çalışdıqlarını və asayiş keşikçilərinə daş atmağa başladıqlarını iddia edir. Bundan sonra təhlükəsizlik işçilərinin verdiyi məlumata görə, kütləni dağıtmaq üçün su şırnaklarından istifadə edilməsinə qərar verilib.

Polisin verdiyi məlumata görə, nümayişçilərə qarşı başqa heç bir xüsusi vasitədən istifadə edilməyib. Ancaq müxalifət nümayəndələri suyun tərkibində kimyəvi maddə olduğunu söyləyirlər: su şırnaqlarına tuş gələn bəzi insanlar dərilərində yanma hissindən şikayətləniblər. Daxili İşlər Nazirliyi bunu təsdiqləmir.

Zərərçəkənlərin sayı barədə dəqiq məlumat yoxdur. Daxili İşlər Nazirliyi 30 zərər çəkmiş şəxsin olduğunu deyir, onlardan 14-ü hüquq-mühafizə orqanı zabiti, 10 nəfər nümayişçi, 3-ü jurnalistdir. Gürcüstan telekanallarından birinin operatoru da daxil olmaqla iki nəfər göz nahiyəsindən xəsarət alıb.

Müxtəlif təxminlərə görə, Tiflisdəki nümayiş və etiraz aksiyalarında 15 mindən 40 minə qədər adam iştirak edib. Onlar yeni parlament seçkilərinin keçirilməsini və MSK-ya yeni rəhbərliyin təyin edilməsini tələb ediblər. Müxalifət hesab edir ki, hakim “Gürcü Arzusu” partiyası səslərin 4-6 faizini qanunsuz olaraq mənimsəyib və beləliklə müstəqil bir hökumət qurma hüququ qazanıb. Bu iddialar bəzi seçki məntəqələrindən gələn son protokollarda onlar üçün verilən səslərin bəzən seçki məntəqələrinə gələn insanların sayını aşdığı məlum olduqdan sonra ortaya çıxıb.

Müxalifətin etirazı bəzi qeyri-hökumət təşkilatları və bir sıra siyasətçilər tərəfindən dəstəklənib. Buraya Gürcüstanın keçmiş prezidenti Giorgi Margvelaşvili kimi əvvəllər “Gürcü Arzusu” komandasında olanlar da daxildir.

Müxalifətin ittihamlarına cavab olaraq, “Gürcü Arzusu” özü Gürcüstanda keçirilən seçkiləri ümumiyyətlə "rəqabətli" adlandıran və "xalqın təməl hüquqlarının qorunduğunu" bildirən bir sıra qeyri-hökumət təşkilatları və xarici müşahidəçilərin dediklərinə istinad edir. Bununla yanaşı, alternativ səs sayımı aparan Ədalətli Seçkilər QHT-nin (ISFED) verdiyi məlumatlar demək olar ki, rəsmi nəticələrlə üst-üstə düşüb. Koronavirusa yoluxduğu təsdiqlənən və evdə müalicə alan Gürcüstanın baş naziri Giorgi Qaxaria hökumətlə müşavirə zamanı müxalifətin mitinqini "məsuliyyətsiz" adlandırıb.

Lakin müxalifət nümayəndələri etirazları məhdudlaşdırmayacaqlarını və yeni seçkilər üçün təzyiq göstərməyə davam edəcəklərini deyir. Onlar həmçinin nümayişlərin təkcə Tbilisidə deyil, digər şəhərlərdə də keçiriləcəyini vəd edirlər. Rəsmi seçki nəticələrinə görə parlamentə gələn səkkiz müxalifət partiyası da etiraz əlaməti olaraq artıq mandatlarından və səsvermənin ikinci turunda iştirakdan imtina edib. Bununla belə, hər iki tərəf - müxalifət və hakimiyyət - danışıqlara hazır olduqlarını bəyan edir.

XS
SM
MD
LG