Accessibility links

“Minnətdar nəvələrdən 13,500 qərənfil” - Stalinin doğum günü Rusiyada və vətəni Gürcüstanda necə qeyd edilir


Sovet lideri İosif Stalinin portretini tutan yürüşçü. Qori, Gürcüstan.

İosif Stalin bəziləri üçün milyonlarla insanı repressiya edən qaniçən tiran, digərləri üçünsə özündən sonra güclü bir dövlət qoymuş rəhbərdir. Onun doğum günü Rusiyada və vətəni Gürcüstanda necə qeyd edilir?

“Diktatorun önündə baş əyən insanlar mahiyyətcə quldurlar” – deyə Rusiyanın Birinci televiziya kanalında “Pozner” verilişinin aparıcısı Vladimir Pozner qeyd edir.

“Bu insana müxtəlif cür yanaşmaq olar. Kimsə onu sevir, kimsə ona nifrət edir. Mən isə əminəm ki, o dahi bir insan idi. Mən əminəm ki, bu insan bizim vətənimizin çiçəklənməsi üçün hər şey edib.” Bu sözləri isə Yekaterinburq şəhərinin cinayət işləri üzrə vəkili, təqaüddə olan polkovnik İqor Uporov özünün YouTube kanalında yerləşdirdiyi videoda bildirir.

Video: Stalinin doğum günü Rusiyada və Gürcüstanda necə qeyd edilir

Stalinin həqiqi soyadı Cuqaşvilidir. Uzun müddət onun rəsmi doğum tarixi 21 dekabr 1879-cu il hesab edilirdi. Lakin araşdırmalar onun rəsmi tarixdən bir il öncə 18 dekabr 1878-ci ildə doğulduğunu aşkar edib. Bu səbəbdən pərəstişkarları Stalini müxtəlif günlərdə yad edirlər.

Gürcüstanın Kommunist partiyasının nümayəndələri Stalinin 140-cı deyil, 139-cu doğum tarixini qeyd etdilər. Gürcüstanın şərqində yerləşən kiçik Qori şəhərində onun ev-muzeyi var. 21 dekabr tarixində həmin muzeyin həyətində onlarla insan toplaşdı. Həmin insanlar bayraqlar və portretlərlə yürüş də keçirdilər, hakimiyyətdən Stalinin heykəlinin bərpa edilməsini tələb etdilər. Daha öncə şəhər meriyasının önündə olan həmin heykəl 2010-cu ildə sökülüb.

Moskvada isə 21 dekabr tarixində Stalinin pərəstişkarları Kreml divarı yanındakı məzarına güllər qoyublar. “Yoldaş Stalinə iki qərənfil” adlanan aksiya bu il 17 dəfə həyata keçirilib. Təşkilatçılar deyir ki, “minnətdar nəvələr” onun məzarına 13,500 qırmızı qərənfil gətiriblər. Bənzər aksiyalar Rusiyanın digər şəhərlərində də keçirilib.

Video: Divar - Stalinin məzarı önündə bir gün

Lakin Stalini yad edənlər yalnız kommunistlər deyil. Yekaterinburq şəhərindən olan bir qrup 2016-cı ildən bəri Stalinin şəkilləri və nitqlərindən olan sitatları yerləşdirilən təqvimlər dərc edirlər. “Bizim təqvimlərə olan tələb artır və biz tez-tez müsbət rəylər və tövsiyələri olan insanlarla görüşürük.” – deyə təqvimi hazırlayan qrupun üzvü Anton Çekasin bildirir.

Təqvim şəhərin dükanlarında satılır. “Stalini təsviri olan təqvimləri bir neçə ildir ki satırıq. Bəyənməyənlərə almağı məcbur etmirik. Bizdə quşların, balıqların, rəssamların təsviri olan təqvimlər də var. Seçim böyükdür.” – İrina adlı satıcı deyir.

İosif Stalinə hörmətlə yanaşmayan insanlar da var. Məsələn qeymerlər “Sakitləş, Stalin” adlı video oyun oynayır və görüntüləri YouTube-da paylaşırlar.

Qeymerlərin vəzifəsi Stalinin əlləri ilə mübarizə aparmaqdır. Həmin əllər eyni anda nüvə düyməsinə basa, vacib sənəd imzalaya, ya da ki, kimisə güllələyə bilər.

XS
SM
MD
LG