Minneapolis şəhərində bazar günü polisin bildirdiyinə görə, atışmada bir nəfər ölüb, 11 nəfər yaralanıb.
Atışmadan sonra çəkilmiş fotolar və Facebook sosial şəbəkəsində canlı video yayım zamanı hadisə qurbanlarının yerdə uzanmış görüntüləri göstərilib.
Hələlik hadisənin motivləri aydın deyil və insidentlə əlaqədar heç kim nəzarət altına alınmayıb.
Polis daha əvvəl Twitter səhifəsində bu məlumatı paylaşıb: “Güllə yaraları almış 10 nəfər ərazidəki xəstəxanalardadır. Müxtəlif dərəcəli xəsarət almış şəxslərin hamısı sağdır.”
İctimaiyyətə Minneapolisdə hadisənin baş verdiyi əraziyə yaxın yerlərə getməmək barədə xəbərdarlıq edilib.
Minneapolis şəhəri son günlər afroamerikalı Corc Floydun polis nəzarətində ölümülə əlaqədar hadisəyə görə xəbərlərin gündəmində olub.
Floydun ölümündən sonra şəhərdə başlamış etirazlar daha sonra ABŞ və dünya boyu irqçilik əleyhinə nümayişlərə səbəb olub.