Accessibility links

Minneapolisdə etirazçılar komendant saatını pozub


Bazar ertsəsi ABŞ-ın Minnesota ştatında yüzlərlə insan gecə saatlarında polis idarəsinin önündə toplaşaraq bir kişinin polis tərəfindən öldürülməsinə etiraz ediblər.

Minneapolis şəhəri yaxınlığında yerləşən Bruklin Mərkəzi şəhərində polis axşam tətbiq olunan komendant saatı başladığı zaman izdihamı dağıtmaq üçün qaz kanistrlərindən və səs bombalarından istifadə edib.

Polis zabitləri nümayişçiləri polis idarəsindən uzaqlaşdırmağa çalışarkən onlarla etirazçılar arasında toqquşma baş verib.

Rəsmilər deyir ki, izdihamdan bəziləri zabitlərə əşya atıblar və təxminən 40 insan saxlanılıb.

Etirazlar çərşənbə axşamı səhər saatlarına yaxın dağılıb.

20 yaşlı afrikalı-amerikalı Dante Rayt adlı gənc bazar günü gündüz vaxtı polis tərəfindən güllələnərək öldürülüb.

Bruklin Mərkəz Polis İdarəsinin rəisi Tim Qannon bazar ertəsi deyib ki, o, polis zabitinin elektroşok aləti yerinə səhvən tapançadan istifadə etdiyinə inanır. Elektroşok insanların müqavimət göstərmədən təhlükəsiz şəkildə saxlanmasına imkan yaradan cihazdır.

Ştatın Cinayət Axtarış Bürosu güllələmə hadisəsi ilə bağlı təhqiqat aparır.

26 illik təcrübəyə sahib polis müvəqqəti işdən uzaqlaşdırılıb.

Bruklin Senterin meri Mayk Elliot polis zabitinin işdən çıxarılmalı olduğunu deyib.

“Biz başqa insanların həyatlarının itirilməsinə səbəb olan səhvlərə yol verə bilmərik. Biz ədalətin təmin olunması və icmalarımız bərpa olunması üçün əlimizdən gələn hər şeyi edəcəyik,” o deyib.

Raytın qardaşı Dallas Brayant bazar ertəsi axşamı polis işçisinin elektroşok cihazı ilə silahı necə səhv saldığını sual edib.

“Plastiklə metal arasındakı fərqi bilirsən. Hamımız bilirik,” o deyib.

Qannon həmçinin atəş açan polisin üzərindəki kameranın lentə aldığı video görüntüləri paylaşıb. Həmin video görüntüdə Dante Raytın maşının ətrafında üç polis zabitinin dayandığı göstərilir. Bir polis zabiti Raytın əlini qandallamağa çalışarkən onlar arasında müqavimət başlayr və polis zabitinin atəş açmadan öncə bir neçə dəfə “elektroşok!” dediyi eşidilir.

Prezident Bayden deyib ki, baş verən hadisə ilə bağlı istintaq aparılacaq. O həmçinin bazar günü etirazlardan sonra baş verən talan insidentləri üçün “heç bir səbəb”in olmadığını bildirib.

“Mən sülh və sakitliyə çağırıram,” Bayden bazar ertəsi Ağ Evdə müxbirlərə bildirib. Və biz Dantenin anasına qulaq asmalıyıq. O da sülh və sakitliyə çağırır.”​

Atışma Minneapolisdə keçmiş polis məmuru Derek Çauvinin mühakimə olunduğu və gərginliyin yüksək olduğu bir vaxtda baş verib.

Çauvin keçən il polis nəzarətində olan Corc Floydun ölümündə ittiham olunur.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG