Accessibility links

Minsk Qrupunun həmsədrləri humanitar atəşkəsə dair razılığı alqışlayır


ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov, Ermənistan Xarici İşlər Naziri Zohrab Mnatsakanyanın Moskvada Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun vasitəçiliyi ilə humanitar atəşkəs haqqında razılıq əldə etməsini alqışlayır. Minsk Qrupunun həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və Amerika Birləşmiş Ştatlarından Endrü Şofer) açıqladıqları bəyanatda tərəfləri öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırır.

Bəyanatda həmsədrlərin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə nəşlərin və məhbusların geri qaytarılmasının şərtləri və logistikası ilə bağlı intensiv müzakirələr apardığı deyilir.

“Biz tərəfləri təcili olaraq bütün lazımi təhlükəsizlik və maddi-texniki qarantiyaları təmin etməyə çağırırıq”, bəyanatda qeyd edilir.

“Həmsədrlər tərəflərin atəşkəsin konkret parametrləri barədə razılığa gəlmək və razılaşdırılmış prinsiplər və formata əsaslanan razılaşmaya nail olmaq üçün substantiv danışıqları yekunlaşdırmaq səylərinə kömək göstərmək üçün onlarla fəal şəkildə qarşılıqlı əlaqədədir”, Minsk Qrupunun həmsədrləri bəyanatda bildirib.

Oktyabrın 10-da Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Ceyhun Bayramov və Zohrab Mnatsakanyan arasında Moskvada keçirilən görüşün sonunda yayılan bəyanata əsasən Azərbaycan və Ermənistan qüvvələri arasındakı təmas xəttində atəşkəs elan olunub.

Bəyanatda deyilir ki, tərəflər bu razılığa Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyanın razılaşmasına əsasən gəliblər.

Şərhlərə bax

XS
SM
MD
LG