Accessibility links

Minsk qrupunun həmsədrləri Azərbaycanda səfərdədir


Prezident İlham Əliyev mayın 30-da ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Azərbaycan prezidentinin rəsmi internet saytının yaydığı məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmsədrlər ötən həftənin sonlarında Ermənistanda olub.

Dağlıq Qarabağ
Dağlıq Qarabağ

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

​2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

Nikol Paşinyan 2018-ci ilin mayında baş nazir olduqdan sonra Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı bəyanatla çıxış edib. Bu bəyanat danışıqlar prosesində çətinliklər yaradıb.

İlham Əliyev və Nikol Paşinyan-28.09.2018
İlham Əliyev və Nikol Paşinyan-28.09.2018

2018-ci il sentyabrın 28-də prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən görüşündə qeyri-rəsmi görüş olub. Bu görüş danışıqlara yeni impuls verib.

Belə ki, bundan sonra iki ölkə arasında danışıqlar prosesi bərpa edilib və hazırda davam etdirilir. Azərbaycan tərəfi nəticəli danışıqların vacibliyini bildirib.

2018-ci ilin dekabrın 6-da Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində prezident İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın söhbəti olub. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb.

Bundan sonra iki ölkənin xarici işlər nazirləri 2018-ci il dekabrın 5-də Milanda, 2019-cu il yanvarın 16-da Parisdə görüşüb.

Münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyantaından sitat

Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.

Dövlət başçılarının görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsərləri fevralın 20-dən 23-dək Ermənistanda və Azərbaycanda ölkə rəhbərləri ilə görüşlər keçirib.

Görüşdən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşünə dair martın 9-da bəyanat yayıb.

Həmsədrlər bəyan edib ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir.

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər naziri görüşüb
Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər naziri görüşüb

Martın 29-da prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada keçirilən görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlətinin birgə bəyanatında deyilir ki, görüş müsbət və konstruktiv şəraitdə keçib, hər iki liderin öz mövqelərinə aydınlıq gətirmək üçün imkan yaranıb. Azərbaycan və Ermənistan liderləri öz ölkələrinin nazirlərinə yaxın gələcəkdə görüşmək barədə tapşırıq verib.

Aprelin 15-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş olub. Görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə davam etdirilib.

Dağlıq Qarabağ münaqişəsi nəticəsində dağıdılmış Ağdam şəhəri
Dağlıq Qarabağ münaqişəsi nəticəsində dağıdılmış Ağdam şəhəri

​“Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəflərin Dağlıq Qarabağ münaqişəsinin siyasi və diplomatik yollarla həll edilməsi istiqamətində səylərini davam etdirmək niyyətini təsdiqləyib. Nazirlər münaqişə zonasında vəziyyətin daha da sabitləşməsinə, xüsusilə də kənd təsərrüfatı fəaliyyətində maraqlı olduqlarını vurğulayıb. Həmçinin, tərəflər qarşılıqlı əsasda ailələrin tərəflərin həbsxanalarında həbsdə olan qohumları ilə əlaqə saxlamalarına imkan vermək barədə razılığa gəliblər. Nazirlər insanlar arasında əlaqələrin qurulması, o cümlədən KİV nümayəndələri arasında qarşılıqlı səfərlər yolu ilə konkret işə başlamağa hazır olduqlarını bildiriblər,” Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşün nəticələri ilə bağlı yaydığı birgə bəyanatda deyilir.

Bununla yanaşı, mayın 8-dəErmənistaınn baş naziri Nikol Paşinyanın Azərbaycanın Şuşa şəhərinin ermənilərin nəzarətinə keçməsinin 25 illiyi münasibəti ilə Şuşa şəhərində ermənilərin keçirdiyi şənliyə qoşulması Azərbaycan tərəfindən sərt tənqidi reaksiyalar doğurub.

Tərəflər qarşılıqlı əsasda ailələrin tərəflərin həbsxanalarında həbsdə olan qohumları ilə əlaqə saxlamalarına imkan vermək barədə razılığa gəliblər. Nazirlər insanlar arasında əlaqələrin qurulması, o cümlədən KİV nümayəndələri arasında qarşılıqlı səfərlər yolu ilə konkret işə başlamağa hazır olduqlarını bildiriblər
ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatından sitat

Daha sonra mayın 14-də prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında Brüsseldə qısa görüş keçirilib. Nikol Paşinyanın dediyinə görə, İlham Əliyevlə qısa sürən danışıqda Dağlıq Qarabağ münaqişəsi üzrə hazırkı durumu müzakirə ediblər:

"Yalnız tərəflərdən birinin maraqlarını əsas götürməklə heç bir münaqişəni həll etmək mümkün deyil. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ən böyük maneə Azərbaycanın Qarabağla danışıqlara getməməsidir. Həqiqət odur ki, bu münaqişənin üç tərəfi var - Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ. Biz hesab edirik ki, bu münaqişə müvafiq danışıqlar çərçivəsində həll edilməlidir".

Paşinyan deyib ki, Əliyevlə növbəti görüşünün nə vaxt olacağı hələ ki, bəlli deyil, amma danışıqların davam etdiriləcəyinə əmindir.

Azərbaycan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə İlham Əliyev və Nikol Paşinyanın görüşünü şərh edərkən bildirib ki, Qarabağ münaqişəsinin həll edilməməsinin əsas səbəbi Ermənistanın işğalçı siyasətidir.

"Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoyduqdan sonra münaqişənin nizamlanmasında irəliləyiş ola bilər və sülh əldə oluna bilər. Danışıqların formatına gəlincə, cəmi iki münaqişə tərəfi var - Ermənistan və Azərbaycan," o bildirib.

Xatırladaq ki, Ermənistan baş naziri bundan əvvəl də açıqlamalarında danışıqlarda Dağlıq Qarabağın da iştirakını təklif edib. Azərbaycan isə bunu 25 ildir sürən sülh danışıqlarının formatının dəyişdirilməsi hesab edir və bundan imtina edir.

Buna baxmayaraq iki ölkənin xarici işlər nazirlərinin növbəti görüşünün Amerikada olacağı ilə bağlı məlumatlar yayılmaqdadır. Həmsədrlərin regiona səfəri zamanı xarici işlər nazirlərinin növbəti görüşü ilə bağlı müzakirələr aparıldığı bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG