Accessibility links

Minsk Qrupunun həmsədrləri: Hərtərəfli və sabit nizamlanmaya nail olunmasına xüsusi diqqət yetirilməlidir


ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov - Rusiya, Stefan Viskonti - Fransa və Endryu Şofer - ABŞ) aprelin 13-də bəyanatla çıxış edib.

“Həmsədrlər məmnuniyyətlə atəşkəs rejiminin möhkəmləndiyini qeyd edir və tərəflərin 9 noyabr 2020-ci ildə əldə etdikləri sazişin yerinə yetirilməsini diqqətlə izləyir. Həmsədrlər həlak olanların cəsədlərinin qaytarılmasında böyük nailiyyətləri və münaqişə nəticəsində köçürülmüş şəxslərin yerləşdirilməsində davam edən irəliləyişi, humanitar yardım verilməsini və lazımi həyat şəraitinin təmin edilməsini, habelə bütün regionda nəqliyyat və kommunikasiya xətlərinin açılmasına yönəlmiş konstruktiv müzakirələri alqışlayır,” sənəddə qeyd edilir.

Həmsədrlər tərəflərə xatırladır ki, qalan problemli məsələlərin həlli və möhkəm sülhə şərait yaradan qarşılıqlı etimad mühitinin yaradılması üçün əlavə səylərə ehtiyac var.

“Buraya bütün hərbi əsirlərin və digər saxlanılan şəxslərin beynəlxalq humanitar hüquqa uyğun olaraq qaytarılması, münaqişə bölgəsinin minalardan effektiv təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi, Dağlıq Qarabağa giriş məhdudiyyətlərinin, o cümlədən beynəlxalq humanitar təşkilatların nümayəndələrinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, dini və mədəni irsin qorunub saxlanılması və münaqişənin toxunduğu icmalar arasında birbaşa əlaqələrin və əməkdaşlığın qurulması, habelə insanlar arasında etimadın möhkəmləndirilməsinə yönəlmiş digər tədbirlər daxildir,” bəyanatda bildirilir.

ATƏT-dəki mandatının şərtlərini və bütün region xalqlarının sabit, dinc və firəvan gələcəyə can atdığını diqqətə alaraq, həmsədrlər qeyd edirlər ki, tərəflərə yaxşı məlum olan elementlər və prinsiplər əsasında yekun hərtərəfli və sabit nizamlanmaya nail olunmasına xüsusi diqqət yetirilməlidir.

“Bununla əlaqədar həmsədrlər tərəfləri həmsədrlərin himayəsi altında yüksək səviyyəli siyasi dialoqu mümkün qədər tez bərpa etməyə çağırır. Tərəflər qeyd-şərtsiz, Minsk Qrupunun prioritetlərini əks etdirən gündəliyə birgə baxa və onu razılaşdıra bilmələri üçün onların himayəsi altında birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini təkrar edir,” bəyanatda qeyd edilir.

Həmsədrlər həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin davam edən fəaliyyətinə və missiyasının genişləndirilməsi mümkünlüyünə qəti dəstəklərini ifadə edir və tərəfləri onun səylərinə tam dəstək verməyə çağırır. Həmsədrlər qiymətləndirmə və vasitəçilik funksiyalarını yerinə yetirmək üçün regiona, o cümlədən Dağlıq Qarabağa və ona bitişik rayonlara səfərləri bərpa etməyə hazır olduqlarını qeyd edir.

“Bununla əlaqədar həmsədrlər mandatlarına və əvvəlki təcrübəyə uyğun olaraq səfər marşrutları üzrə maneəsiz girişi və maksimum hərəkət rahatlığını təmin etmək tələbini tərəflərə xatırladır,” bəyanatda bildirilir.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərələr arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin 10 noyabr bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu artıq bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG