Accessibility links

Minsk qrupunun həmsədrləri münaqişənin həllində sonrakı addımları müzakirə etdiklərini bildirir


ATƏT-in Minsk qrupu - bayraqlar

ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) regiona səfərlərinin yekunları ilə bağlı birgə bəyanat yayıb.

ATƏT-in rəsmi saytında yayılan bəyanatda deyilir ki, həmsədrlər bu səfərlərinin əsas məqsədi kimi tərəflər arasındakı təmas xəttində və dövlət sərhədindəki mövcud vəziyyətin qiymətləndirilməsini, habelə Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında martın 29-da, xarici işlər nazirləri səviyyəsində isə aprelin 15-də aparılan müzakirələri davam etdirməyi göstərir.

“Xahişə uyğun olaraq, həmsədrlər münaqişənin həlli əsnasında sonrakı addımlarla, o cümlədən humanitar və təhlükəsizlik tədbirlərilə bağlı təkliflərini açıqlayıblar. Azərbaycan və Ermənistan xarici işlər nazirləri həmsədrlərin yaxın vaxtlarda onların himayəsində görüşmək təklifini qəbul ediblər və görüşün təfərrüatı barədə uyğun vaxtda məlumat veriləcək,” bəyanatda qeyd edilir.

Eyni zamanda sənəddə təmas xəttindəki son insan tələfatından dərin narahatlıq ifadə olunub, tərəflər gərginliyin daha da artmaması naminə maksimum təmkinli olmağa çağırılıb.

ATƏT-in Minsk qrupunun həmsədrləri mayın 27-də regiona səfərə gəlib. Mayın 27-də Yerevanda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan, müdafiə naziri David Tonoyanla görüşüblər. Həmsədrlər həmçinin mayın 29-da Xankəndi şəhərindəerməni icmasının lideri Saakyanla görüşüblər.

Həmsədrlər mayın 30-da Bakıya gəlib və götrüşlər keçirib. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edib. Görüşlərdə münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

​2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

XS
SM
MD
LG