Accessibility links

Minsk Qrupunun keçmiş amerikalı həmsədrləri həll yolunun Bakı və Yerevana məxsus olduğunu deyirlər


Keri Kavano, Ceyms Uorlik və Riçard Hoqland

ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədrləri Azərbaycanla Ermənistan arasında hərbi münaqişə ilə bağlı tərəfləri döyüşləri dayandırmağa çağırıblar.

Sabiq həmsədr Ceyms Uorlik düşünür ki, münaqişəyə səbəb tərəflərin getdikcə vəziyyətdən daha çox məyus olmalarıdır, çünki onlar arasında danışıqlar aparılmırdı.

“Tərəflər arasında danışıqların olmaması və məyusluğun artması münaqişənin yenidən başlamasına gətirib çıxardı,” o deyib.

Uorlik hər iki tərəfdə ağır artilleriya, minamyot və başqa son dərəcədə ölümcül silahların olduğunu və bu səbəbdən də tərəflərin ciddi danışıqlar aparıb, sülhün təmin olması yolunda çalışmalı olduqlarnı deyib.

Uorlikin sözlərinə görə, Türkiyə və Rusiyadan əlavə Fransa, Birləşmiş Ştatlar və digər ölkələr də bu münaqişədə müsbət rol oynayıb, tərəfləri danışıqlar aparmağa çağırmalıdırlar.

“Prezident və Baş Nazirin hərdən görüşüb danışıqlar aparması kifayət deyil. Bu, həll yoluna gətirib çıxarmayacaq. Bizim prosesə və beynəlxalq ictimaiyyətə ehtiyacımız var. Türkiyə, Rusiya və digərləri bu prosesi təşviq etməlidirlər,” o deyib.

“Münaqişənin qarşısı alınmalıdır və tərəflər danışıq masasına gətirilməlidir ki, onlar sülh prosesinə razılaşsınlar,” həmsədr əlavə edib.

Uorlikin fikrincə, münaqişənin yenilənməsi böyük təhlükə törədir.

“Vəziyyət nəzarətdən çıxa bilər və hətta tərəflər münaqişənin qarşısını almağa çalışsalar belə, daha genişmiqyaslı münaqişə baş verə bilər ki, bu da nə Ermənistan nə də Azərbaycanın marağındadır,” o söyləyib.

Uorlik təkcə həmsdərlərin nə isə əldə edə biləcəklərini düşünümür və bu səbəblə də Minsk Qrupunun həmsədr ölkələri, regiondakı ölkələr və beynəlxalq təşkilatların sülh prosesinə çağırış etməli olduqlarını və Cənubi Qafqazdakı vəziyyətin çox təhlükəli olduğunu dərk etməli olduqlarını bildirib.

O, ABŞ-ın da tərəfləri danışıq masasına cəlb etməkdə böyük rol oynamalı olduğunu və sülh prosesinin təmin olunmasının ABŞ-ın marağında olduğunu deyib.

Onun fikrincə status-kvonun davamlı olmadığını düşündüyünü və gələcəkdə bu cür və ya daha təhlükəli münaqişələrin qarşısını almaq üçün sülhün təmin olunmasının vacibliyini vurğulayıb.

“Ermənistan və Azərbaycan sülhə və dinc və təhlükəsiz şəkidlə yan-yana yaşamağa layiqdirlər. Hazırda buna doğru aparan bir proses yoxdur. Amma Bizim buna ehtiyacımız var.”o deyib

Keçmiş amerikalı həmsədr Riçard Hoqlandın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsini keçmiş Sovet İttifaqındakı dondurulmuş münaqişələrdən biri olaraq daha geniş kontekstdə dəyərləndirmək lazımdır.

Onun fikrincə Rusiyan çox mürəkkəb oyun oynayır və regionda açıq genişmiqyaslı müharibə istəmir, bu səbəblə də atəşkəsə çağırır. Eyni zamanda isə Hoqland Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin bitməsini istəmədiyini deyib.

“Çünki münaqişə hansı yolla həll olunsa da, Azərbaycan və Ermənistan artıq başqa maraqlarının arxasınca getməyə imkanları yaranacaq və mən Rusiyanın öz təsir dairəsində bunu istəyəcəyini düşünmürəm,” o bildirib.

Riçard Hoqland bu münaqişənin Dağlıq Qarabağ münaqişəsi olmaqdan çıxıb regional müharibəyə çevrilmək riskinin olduğunu deyib. Onun fikrincə, buna səbəb Türkiyənin Azərbaycanla, Rusiyanın isə Ermənistanla və müəyyən dərəcədə Azərbyacanla real maraqlarının olmasıdır. Lakin o bildirib ki, mühüm olan Rusiya və Türkiyənin regionda sülhməramlı rol oynamasıdır.

“Bu o demək deyil ki, hər kəs silahları yerə qoysa, Dağlıq Qarabağ münaqişəsi həll olunacaq, amma münaqişə regionda insanların ölümü ilə nəticələnən aktiv döyüşlə də həll olunmayacaq,” o bildirib.

Riçard Hoqland da, Ceyms Uorlik kimi, düşünür ki, münaqişə ilə bağlı qərarı Yerevan və Bakı verməlidir. Onun fikrincə, xarici qüvvələr tövsiyə verə, atəşkəsə çağıra bilər, amma son qərarı Azərbaycan Prezidenti ilə Ermənistanın Baş Naziri verməlidir.

Amerikanın Səsinə müsahibə verən ATƏT-in Minsk Qrupunun bir digər amerikalı həmsədri Kerri Kavano deyib ki, o, regionun hər zaman təhlükəli olduğunu bilib və bəri başdan siyasi həll yoluna və problemi həll etmək üçün dinc danışıqların aparılmasına çağırıb. O da digər həmsədrlər kimi münaqişənin daha genişmiqyaslı müharibəyə çevrilə biləcəyini deyib. O, bunun qarşısının alınması üçün siyasi danışıqlara ehtiyacın olduğunu vurğulayıb.

O, beynəlxalq ictimaiyyət, Rusiya, Avropa İttifaqı, Birləşmiş Ştatlar, Minsk Qrupunun həmsədrlərin tərəfindən çağırışların olduğunu söyləyib, lakin tərəflərin döyüşləri dayandırması və danışıq masasına oturması üçün daha böyük diplomatik addımlara ethiyacın olduğunu vurğulayıb.

Kavano döyüşlərə xarici qüvvələrin müdaxilə etməməli olduğunu deyib.

“Məncə xaricilərin hərbi əməliyyatlara müdaxiləsi vəziyyəti mürəkkəbləşdirir və riski artırır,” o deyib.

Kavano da problemin hərbi yolla həllinin olmadığını deyib. Onun fikrincə döyüş nə qədər çox uzansa, həll yolu ilə bağlı danışıqlar aparmaq bir o qədər çətinləşəcək.

“Yeganə həll yolu Ermənistanın Baş Naziri ilə Azərbaycan Prezidentinin masa arxasında oturub, siyasi həll yolu tapmasıdır,” o bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG