Accessibility links

Minsk qrupunun həmsədrləri Qarabağa cəbhə xəttindən keçəcək


ATƏT-in Minsk Qrupunun həmsədrləri prezident İlham Əliyevlə görüşüb
ATƏT-in Minsk Qrupunun həmsədrləri prezident İlham Əliyevlə görüşüb

Həmsədrlər Azərbaycan prezidenti ilə danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıb.

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana səfərə gəlib.
Azəpbaycan prezidentinin rəsmi saytının məlumatına görə, prezident İlham Əliyev iyulun 10-da ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtkeni (ABŞ), İqor Popovu (Rusiya), Jak Foru (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
APA agentliyi ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popova istinadən bildirir ki, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşü hələlik nəzərdə tutulmur.
Cənab Popovun sözlərinə görə, həmsədrlər regiona səfəri başa vurduqdan sonra hər iki ölkənin xarici işlər nazirləri ilə yenidən görüşməyi planlaşdırırlar.
O həmsədrlərin regiona səfərin gedişində gələcəklə bağlı planları müzakirə edəcəklərini deyib: “Yaxın perspektivdə, çox güman ki, yay tətili başa çatdıqdan sonra biz Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə əvvəlcə ayrı-ayrılıqda, sonra isə bir yerdə görüş keçirməyi planlaşdırırıq. Buna görə də hələlik prezidentlərin görüşündən söhbət getmir”.
Rusiyalı həmsədr Bakıda Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşlərdə son zamanlar qoşunların təmas xəttində baş verən insidentlərin müzakirə olunduğunu deyib. O bildirib ki, Dağlıq Qarabağ və Yerevanda da eyni məsələnin müzakirəsi nəzərdə tutulub.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke isə jurnalistlərə açıqlamasında Azərbaycan prezidenti ilə görüşün çox konstruktiv keçdiyini deyib. O qeyd edib ki, həmsədrlər sabah qoşunların təmas xəttini Azərbaycan tərəfdən keçərək Qarabağa gedəcək: “Təmas xəttini keçmək praktikasını davam etdirmək çox vacibdir. Bu, atəşkəs rejiminin qorunub saxlanmasının vacibliyini ortaya qoyur. Təmas xətti bu regionun insanlarını daim ayıran xətt olmamalıdır”, - amerikalı həmsədr qeyd edib.
XS
SM
MD
LG