Accessibility links

Minskdə etirazlar zamanı 100-dən çox nümayişçi saxlanıb


Belarus təhlükəsizlik qüvvələri bazar günü oktyabrın 11-də Minskdə 100-dən çox adamı saxlayıb. Müşahidəçilər bunun Aleksandr Lukaşenkonun avtoritar hakimiyyətinə son qoyulmasını tələb edən nümayişçilərə qarşı ən şiddətli basqı olduğunu bildirir.

Polis mərkəzi küçələri və metro stansiyalarını bağladıqdan sonra Minskin mərkəzindəki izdihamı dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.

“Vyesna” insan hüquqları təşkilatının verdiyi məlumata görə, 20 jurnalist daxil olmaqla 150 nəfər saxlanılıb.

Belarusda 1994-cü ildən bəri iqtidarda olan Lukaşenkonun geniş seçki saxtakarlığı iddiaları fonunda avqustun 9-da keçirilən prezident seçkilərinin qalibi elan edilməsindən sonra etirazlar davam edir.

Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Avropa İttfaqının Brüsseldəki qərargahında çıxış edir, 21 sentyabr, 2020.
Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Avropa İttfaqının Brüsseldəki qərargahında çıxış edir, 21 sentyabr, 2020.

Lukaşenkonun ən ciddi rəqibi olan müxalifət lideri Svetlana Tixanovskaya onun tərəfdarları və başqalarının qələbə çaldığını dedikləri səsvermədən sonra Litvaya qaçmaq məcburiyyəti qarşısında qalıb.

Avropa İttifaqı və ABŞ Lukaşenkonu Belarusun legitim lideri kimi tanımaqdan imtina edib.

Oktyabrın 11-də Minskdə dinc nümayişçilər polis tərəfindən döyülüb və nümayişin əvvəlində mikroavtobuslara aparılıb.

Nümayiş 66 yaşlı Lukaşenkonun konstitusiya islahatları planlarını müzakirə etmək üçün ölkənin təhlükəsizlik xidmətinin həbsxanasında həbsdə olan müxalifət liderləri ilə görüşməsindən bir gün sonra keçirilib.

Belarus müxalifəti bu ziyarətin Lukaşenkonun zəifliyinin əlaməti kimi xarakterizə edib.

Tixanovskaya Lukaşenkonun "əvvəllər cinayətkar adlandırdığı siyasi məhbusların varlığını qəbul etdiyini" deyib. Lakin o əlavə edib ki, "həbsxana kamerasında dialoq qurula bilməz."

Tixanovskaya həmçinin oktyabrın 10-da həbsdə olan həyat yoldaşı, video bloger Serhey Tixanovski ilə dörd ayda ilk dəfə telefon söhbətinə icazə verildiyini bildirib. Tixanovskaya həyat yoldaşının Belarus hakimiyyəti tərəfindən həbs olunaraq, onun seçkiyə qatılma ehtimalının aradan qalxmasından sonra Lukaşenkoya qarşı seçkilərdə prezidentliyə namizəd olub.

Şərhlərə bax

XS
SM
MD
LG