Belarus paytaxtı Minskdə, eləcə də Qrodno, Brest və digər şəhərlərdə yürüşlər və piketlər keçirilib.
Nexta telegram kanalın verdiyi məlumata əsasən, avqust ayından bəri ilk dəfə olaraq Minskdə Aleksandr Lukaşenko rejiminə qarşı etiraz yürüşü təşkil edilməyib. Lakin buna baxmayaraq, şəhər ətrafında yerli sakinlər evlərindən çıxaraq, müxalif şüarlar səsləndirib və küçələrdə yürüş keçiriblər.
Şahidlərin onlayn paylaşdığı çoxsaylı videolara əsasən, Minskin müxtəlif rayonlarında onlarla və yüzlərlə etirazçının küçələrə çıxdığı müşahidə etmək mümkündür. Günün ortalarına qədər saxlanılanlarla bağlı heç bir məlumat verilməyib.
“Xartiya 97” internet portalının məlumatına görə, Minsklə yanaşı ölkənin digər şəhərlərində də nümayişçilərin etiraz aksiyaları keçirilib.
“Xartiya 97” Vitsebskdə etiraz aksiyasını qeyd edərək, insanların "bu gün heç bir yürüş elan edilməməsinə baxmayaraq" küçələrə çıxdığını bildirib.
Avqustun 9-da Lukaşenkonun qalib elan edildiyi prezident seçkilərindən sonra Belarusda demək olar hər gün etirazlar davam edib. Müxalifət liderləri seçkilərin saxtalaşdırıldığını deyərək, müxalif namizəd Svetlana Tixanovskayanın seçkilərin həqiqi qalibi olduğuna inandığını bildirib. Tixanovskaya seçkilərdən bir müddət sonra rəsmilərin təzyiqi ilə ölkəni tərk edib və hazırda Litvada mühacirətdə yaşayır.
Seçkilərdən sonra paytaxt Minskdə və ölkənin digər şəhərlərində Lukaşenkonun istefası, bütün siyasi məhbusların azad edilməsi və yeni seçkilər keçirilməsi tələbi ilə başlanan etiraz aksiyaları zamanı 30 mindən çox insanın saxlandığı bildirilir. Bununla yanaşı, bir neçə insanın öldüyü hallar, işgəncə və pis rəftara dair etibarlı məlumatlar mövcuddur.
Belarus müxalifətinin bir çox lideri ya həbs edilib, ya da ölkəni tərk etmək məcburiyyətində qalıb. Ölkəni təxminən otuz ildir idarə edən Lukaşenko müxalifətlə danışıqlar aparmaqdan imtina edib.
ABŞ, Avropa İttifaqı və bir sıra digər ölkələr Lukaşenkonu seçkinin qalibi kimi qəbul etməkdən imtina edib.
Qərb Lukaşenko və Belarusun onlarla yüksək səviyyəli rəsmisinə qarşı seçki saxtakarlığı və seçkisonrası polis zorakılığı ilə əlaqədar olaraq sanksiyalar tətbiq edib.