Accessibility links

Miranda Patruçiç: "Bu cür hüquq pozuntusu bir jurnalist və bir insan olaraq mənim üçün inanılmazdır"


Miranda Patruçiç: "Bu cür hüquq pozuntusu bir jurnalist və bir insan olaraq mənim üçün inanılmazdır"
please wait

No media source currently available

0:00 0:08:23 0:00

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) iyulun 18-də yaydığı yeni araşdırmada bildirilir ki, Fransanın Forbidden Stories qeyri-hökumət təşkilatı və müxtəlif ölkələrdən 17 KİV bir sıra ölkələrdə İsrailin NSO Group şirkəti tərəfindən işlənib hazırlanmış Pegasus proqramı vasitəsilə siyasətçilərin, jurnalist və fəalların izlənildiyinin üstünü açıb.

Hüquq müdafiəçiləri və jurnalistlər dinlənilən mobil telefonların siyahısını əldə etməyə müvəffəq olub. Siyahıda 50 min nömrə var. Sızdırılan şübhəli hədəflər siyahısında Azərbaycandan olan 250-dən çox şəxsin adı hallanır.

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin araşdırmasının həmmüəlifi Miranda Patruçiç Amerikanın Səsinə müsahibədə Pegasus Layihəsindən, “NSO Group”un bu məlumatlara münasibətindən, izlənmənin qanuni olub-olmamasından bəhs edib.

Amerikanın Səsi: Xanım Patruçiç, Pegasus Layihəsi nədir? Bununla bağlı qısa məlumat verə bilərsinizmi?

Miranda Patruçiç: Bu layihə dünya boyu 17 media təşkilatı arasında böyük bir əməkdaşlıqdır. Layihə Forbidden Stories (Qadağan Edilmiş Hekayələr) təşkilatı tərəfindən koordinasiya olunub. Forbidden Stories təhlükədə olan jurnalistlərin hekayələrini paylaşan fransız qeyri-hökumət təşkilatıdır.

Biz, həmçinin "Amnesty International"dan texniki dəstək almışıq. "Amnesty International" bizim Pegasus proqramına yoluxdurulduğunu müəyyən etdiyimiz cihazlarda proqramın olub-olmadığını müəyyən edib. Pegasus təkmilləşdirilmiş casus proqramıdır və İsrailin “NSO Group” şirkəti tərəfindən hazırlanıb. Proqram son dərəcə intruziv, son dərəcə təhlükəlidir. Hətta o dərəcədə ki, telefona proqram yoluxdurulubsa, proqram səni lentə ala bilir, sənin kamerana çıxışı olur, sənin səsli mesajlarını ötürə bilir, bütün şəkillərinə, bütün mesajlarına çıxışı olur. Və hətta bir müxbir signal və ya şifrələnmiş WhatsApp-dan istifadə edirsə belə, proqram həmin mesajları oxuya bilər. Bir sözlə, bu proqram səni ifşa edir, sənin öz evində bir casusluq maşınına çevrilir.

Amerikanın Səsi: Siz Azərbaycanda telefonlarının izləndiyi insanların siyahısını dərc etmisiniz? Bu siyahı yekundurmu?

Miranda Patruçiç: Bizim əldə etdiyimiz siyahıda Azərbaycandan 1000-dən çox telefon nömrəsi var. Əslində, biz çox qısa siyahını və ya hədəf alınan insanların çox qısa siyahısını paylaşmışıq.

Biz təxminən 250 nəfərin kimliyini müəyyən edə bilmişik. Bu isə bütün siyahının sadəcə dörddə biridir. Amma bu, çox əhəmiyyətlidir, çünki biz görürük ki, nömrələrin demək olar ki, hamısı vətəndaş cəmiyyəti və ya insan haqları müdafiəçilərinin üzvləri və xüsusilə də müxalifət liderləri və müxalifət fəallarıdır. Bu da Azərbaycanda kimlərin hədəf alındığını göstərir.

Biz tam siyahını paylaşmayacağıq, çünki biz ictimaiyyətin bilməli olduğuna inandığımız yolda irəliləmişik, amma hər bir insanın adının ictimaiyyətə açıqlanmasına ehtiyac yoxdur. Mən son bir neçə gündə kimliklərini müəyyən etdiyimiz insanlara xəbərdarlıq göndərmişəm. Onların hamısına olmasa da, çoxuna məndən mesaj gedib ki, biz bu nömrənin sizə aid olduğunu müəyyən etmişik və bu nömrə hədəf alınan nömrələrin arasındadır. Biz insanları xəbərdar etməkdə davam edəcəyik. Bizim xəbərdar etmədiyimiz yeganə insanlar, bəlkə də, artıq həmin nömrədən istifadə etməyən insanlardır. Mən onların WhatsApp, Signal, Viber və ya başqa təhlükəsiz kommunikasiya proqramlarını görmürəm ki, onlarla birbaşa əlaqə saxlaya bilim. Yəni bunun kimi bir neçə hal var ki, mən onlara məlumat verməmişəm. Həmçinin biz heç bir müxalifət liderini və mümkündür bir neçə müxalif fəalı da xəbərdar etməmişik.

Qənimət Zahid: Bu insanlara qarşı mənəvi terrordur
please wait

No media source currently available

0:00 0:04:34 0:00

Amerikanın Səsi: Siz hesabatda bildirmisiniz ki, "NSO Group" şirkəti iddia edir ki, Pegasus softveyrinin məqsədi sadəcə legitim hüquq-mühafizə orqanlarına cinayətkarlar və terrorçuları təqib etməyə yardım etməkdir və onların softveyrindən başqa məqsədlə istifadə şirkətin siyasətinə ziddir və istifadəçi razılaşmasının pozulmasıdır. Sizin bu iddiaya münasibətiniz nədir? "NSO Group"un softveyrindən başqa məqsədlə istifadə olunduğundan xəbərdar olmaması mümkündürmü?

Miranda Patruçiç: Əlbəttə ki, məncə, onların bilib-bilmədiyini müəyyən etmək çətindir. Amma Azərbaycanda bizim adlarını müəyyən edə bildiyimiz 250 nəfərə baxaraq mən belə bir nəticətə gəlirəm ki, softveyrdən bir neçə dəfə deyil, sistematik bir şəkildə sui-istifadə olunub və o, mütəşəkkil cinayət, narkotik qaçaqmalçılığı, insan qaçaqçılığı kimi legitim məqsələrdlə deyil, müxalifət liderlərini hədəf alıb, onları təqib etmək, jurnalistlərin və fəalların həyatlarına müdaxilə etmək üçün istifadə olunub. Bu isə Pegasus kimi casusluq proqramlarının sui-istifadəsidir.

Amerikanın Səsi: "NSO Group"un müştərilərindən hər hansısa proqramdan terrorçular və cinayətkarları izləmək üçün istifadə edibmi?​

Miranda Patruçiç: Biz xüsusilə də Meksikada bəzi cinayətkarların nömrələrini müəyyən etmişik. Yəni Azərbaycan kimi hər kəs bu softveyrdən sui-istifadə etməyib. Əlbəttə ki, bunu demək çətindir, çünki cinayətkarlar nömərlərini yaxşı gizlədə bilirlər və onları tez-tez dəyişirlər. Mən Azərbaycanda nömrələrini müəyyən etdiyimiz insanlara bu barədə məlumat verəndə bəziləri eyni nömrəni 15-20 il işlətdiklərini deyib. Mütəşəkkil cinayət qruplarının üzvləri isə nömrələrini bir neçə həftədən bir dəyişir. Məncə biz bu nömrələrin çoxunu müəyyən edə bilməyəcəyik, çünki adətən jurnalistlərin telefon kitabçalarında mütəşəkkil cinayətkarların nömrələri olmur. Ona görə mən hesab edirəm ki, bu proqramdan cinayətkarları izləmək üçün istifadə olunub. Amma bizim, xüsusilə də, Azərbaycanda müəyyən etdiyimiz nömrələrdən aydın görünür ki, proqramdan sistematik şəkildə sui-istifadə olunub.

Amerikanın Səsi: Bu cür izlənmə qanunidirmi?

Miranda Patruçiç: Fikrimcə, Azərbaycanda izlənmə məsələsində top ekspert olan Arzu Geybulla ilə söhbətdən belə görünür ki, Azərbaycan normal proses, yəni istintaq, hakimin təsdiqi və xüsusi izləmə metodları olmadan vətəndaşları izləyə bilmək üçün qanunda bir çox boşluqlar və müxtəlif yollar yaradır. Belə görünür ki, Azərbaycanda hökumət lazım olan addımları atmadan istədiyi hər kəsi izləyə bilər. Amma Azərbaycan konstitusiyasında insanları izlənməyə və həyatlarına bu cür müdaxilə olunmağa qarşı qoruyan hüquqları var. Lakin eyni zamanda hökumət və rejim o qədər çox boşluq yaradıb ki, bu onlara Azərbaycan vətəndaşlarını kütləvi şəkildə izləməyə imkan yaradıb. Onlar illər boyu o qədər çox texnologiya əldə ediblər ki, bu onlara nömrələri, internet trafikini və sairəni izləməyə imkan verir.

Amerikanın Səsi: İzləmə qurbanları hökumətləri və "NSO Group"u beynəlxalq səviyyədə məhkəməyə verə bilərmi? Bu, hər hansı nəticə verərmi?

Miranda Patruçiç: Bilmirəm, amma belə görünür ki, qurbanların bəziləri buna cəhd edəcək. Biz Fransada istintaqın başladılmasına dair çağırışlar olduğunu görürük və qurbanlar şikayət edib, məhkəməyə müraciət etmək istəyirlər. Mən Azərbaycandan da insanların bunu etmək istədiyinə dair mesajlar alıram. Məncə WhatsApp artıq məxfiliyini pozduğuna və texnologiyadan insanları izləmək üçün istifadə etdiyinə görə şirkəti məhkəməyə verib. Yəni, buna cəhd edənlər var, amma onların uğurlu olub-olmayacaqlarını bilmək üçün birinin bunu etməsini gözləməliyik. Belə görünür ki, qurbanlar cəhd etmək istəyirlər və bu, inanılmaz insan hüququ pozuntusudur. Biz Azərbaycanda apardığımız araşdırmada iki tanınmış jurnalistin telefonuna proqramın yoluxdurulduğunu və onların açıq şəkildə hədəf alındığını görmüşük. Bu cür hüquq pozuntusu bir jurnalist və bir insan olaraq mənim üçün inanılmazdır.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG