Accessibility links

Mişel Obama və Berni Sandersin qurultayda çıxışları


Demokrat partiyasının Filadelifiyada qurultayının birinci günü çıxış edən ABŞ-ın birinci xanım Mişel Obama Hillari Klintonu prezidentliyə ən layiq siyasətçi adlandırdı. Zalda toplaşanların alqışları altında etdiyi emosional çıxışında xanım Obama səkkiz il bundan əvvəl onun həyat yoldaşına dəstək verdiyi kimi bu dəfə Hillari Klintona səs verməyə çağırdı.

ABŞ-ın birinci xanımı Mişel Obama Demokrat partiyasının qurultayında çıxış edir
ABŞ-ın birinci xanımı Mişel Obama Demokrat partiyasının qurultayında çıxış edir

`Bu seçki hər bir seçki kimi növbəti dörd ildən səkkiz ilə qədər bizim uşaqlarmızın gələcəyini müəyyən etmək üçün kimin gücə malik olduğu haqdadır və mən bu gün buradayam, ona görə ki, bu seçkidə mənim bu məsuliyyəti etibar etdiyim yalnız bir nəfər var, Birləşmiş Ştatlar prezidenti olmağa qadir olduğuna inandığım bir nəfər var, o da bizim dostumuz Hillari Klintondur` - ABŞ-ın birinci xanımı bildirib.

Mişel Obamanın Hillari Klintonun keyfiyyətlərindən danışaraq, onun heç vaxt yolundan geri çəkilmədiyini deyib. `Hillari Klintonun ən çox sevdiyim cəhətlərindən biri oldur ki, o heç vaxt təzyiq altında əyilmir, heç vaxt asan yol seçmir, Hillari həyatında heç vaxt geri çəkilməyib` o bildirib.

Mişel Obama çıxışında birlik mesajı da verib.`Böhran zamanında biz bir-birimizə qarşı dönmürük. Biz bir-birimizi dinləyirik, bir-birimizdən öyrənirik, çünki biz birlikdə daha güclüyük`-Mişel Obama bildirib.

Mişel Obama 2008-ci və 2012-ci illərdə Demokrat partiyasının əvvəlki qurultaylarında həyat yoldaşı prezident Barak Obamaya dəstək mesajları ilə çıxış etmişdi. Bu dəfə çıxışında ABŞ-ın birinci xanımı Obamanın 2008-ci il seçkisində rəqibi olmuş Hillari Klintonun namizədliyi ətrafında birləşməyə səsləyib.

`Böhran zamanında biz bir-birimizə qarşı dönmürük. Biz bir-birimizi dinləyirik, bir-birimizdən öyrənirik, çünki biz birlikdə daha güclüyük`Mişel Obama

Mişel Obama Respublikaçıların namizədi Donald Trampın adını çəkməsə də dolayısı ilə onun seçki şüarlarına toxunub. `Heç kəsə sizin ölkənizin qüdrətli olmadığını deməyə, ölkəni yenidən möhtəşəm etməyə ehtiyacın olduğunu deməyə imkan verməyin, çünki indi bu, Yer kürəsindən ən qüdrətli ölkədir.`

Qurultayın işinin ilk gününün ən mühüm çıxışı isə Berni Sandersin nitqi oldu. Vermont senatoru tərəfdarlarının seçki kampaniyasının nəticələrindən narazı qalmasına baxmayaraq, onları Hillari Klintona dəstək verməyə çağırdı. `Hillari Klinton müstəsna bir prezident olacaq və burada onunla birlikdə dayanmağımdan qürur duyuram` o bildirib.

`Biz Amerikanı dəyişdirəcək inqilaba başlamışıq və bu inqilab davam edir`-Berni Sanders

Berni Sanders seçki prosesinin nəticələrindən özünün də razı qalmadığını bildirərək, tərəfdarlarını seçki kampaniyası zamanı əldə edilmiş uğurlara diqqət yetirməyə çağırıb.

`Biz Amerikanı dəyişdirəcək inqilaba başlamışıq və bu inqilab davam edir`o bildirib.

Berni Sandersin qurultayda nümayəndələri
Berni Sandersin qurultayda nümayəndələri

Sandersin çıxışından öncə onun tərəfdarları Demokrat partiyasının qurultayının keçirildiyi mərkəzin qarşısında etiraz aksiyasını davam etdirib. Yüzlərlə Sanders tərəfdarı Demokrat partiyasının yüksək səviyyəli nümayəndələrinin Vermont senatorunun kampaniyasını zəiflətmək strategiyasına dair yazışmalarının ictimaiyyətə açıqlanmasından sonra bazar günü Filadelfiyada etiraz aksiyalarına başlayıb. Bazar ertəsi davam edən nümayişlərdə onlar seçki prosesinin nəticələrinə etiraz bildirib və Demokrat partiyasından narazılıqlarını ifadə edib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG