Accessibility links

Əl-Qaidə Mursinin ölümündə Misirin səlahiyyətli nümayəndələrini günahlandırıb


Əl-Qaidə Misirin həbsdə olan sabiq prezidenti Məhəmməd Mursinin ölümündə Misirin səlahiyyətli nümayəndələrini günahlandırıb.

Qrup Əl-Səhab media səhifəsində bəyanat dərc edərək, misirliləri hazırkı prezident Əbdel Fəttah Əl-Sissiyə qarşı çıxmağa çağırıb.

Əl-Qaidə bildirib ki, bizim həbsdə zorakılıqlar və təhqirlərə məruz qalan Mursinin öldürüldüyünə heç bir şübhəmiz yoxdur.

Rəsmilər 67 yaşlı Mursinin Qahirədə məhkəmə qarşısında çıxış etdiyini, şüşə qəfəsin arxasından beş dəqiqə danışdıqdan bir neçə dəqiqə sonra yerə yıxıldığını deyib.

Dövlət televiziyasının verdiyi məlumata görə, Mursi xəstəxanaya çatdırılsa da, orada infarktdan ölüb. Uzun zaman islamçı Müsəlman Qardaşları qrupunun yüksək səviyyəli rəsmisi olan Mursi 2013-cü ildə hakimiyyətinə qarşı kütləvi etirazlardan sonra Misir ordusu tərəfindən devrilib.

Müsəlman Qardaşlarının Azadlıq və Ədalət siyasi partiyası veb səhifəsində yaydığı bəyanatda bildirib ki, Mursinin “məqsədli yavaş ölümünə” görə Misir rəsmiləri məsuliyyət daşıyır, çünki onlar “onun dərmanlarını gizlədib və ona iyrənc yemək verib. Onlar onun fundamental insan haqlarını təmin etməyib”.

Mursinin hakimiyyətdən devrilməsindən sonra Misir ordusu sabiq prezidenti həbs edib və Müsəlman Qardaşları təşkilatının üzvlərini təqib edib. Mursi İran və Qətərin xeyrinə casusluq etmək və 2012-ci ildə nümayişlər zamanı misirli etirazçıları öldürmək də daxil olmaqla, bir sıra ittihamlarla üzləşirdi. Human Rights Watch təşkilatı Mursiyə qarşı ittihamları siyasi adlandırıb.

Mursi hakimiyyətdə olduğu zaman onun yaxın müttəfiqi olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabiq prezidenti “şəhid”, Misirin hazırkı prezidenti Əbdel Fəttah Əl-Sissini isə “qəddar” adlandırıb.

XS
SM
MD
LG