Accessibility links

Rəsmilər: Misir prezidentliyinə namizəd olmaq istəyən şəxs Qahirədədir


Hava limanı rəsmilərinin bildirdiyinə görə, Birləşmiş Ərəb Əmirliklərində yaşayan Misir prezidentliyinə iddialı şəxs 2018-ci ildə seçkidə iştirak etmək planlarını açıqlayandan bir neçə gün sonra bu gün Qahirəyə gətirilib.

Misirin keçmiş baş naziri Əhməd Şəfiq Qahirəyə endiyi zaman hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib. Bəzi ailə üzvlərinin onunla görüşməsinə icazə verilib. Şəfiqin hara aparılacağı isə hələ ki, məlum deyil.

Bu məlumatları verən rəsmilər adlarının açıqlanmasını istəmir.

Daha öncə Əhməd Şəfiqi təmsil edən vəkil Dina Ədli şənbə günü Facebook postunda onun evində ikən həbs olunduğunu və Misirə deportasiya olunacağını bildirmişdi. O, Şəfiq ilə bütün əlaqələrinin kəsildiyini bildirib.

BƏƏ-nin rəsmi xəbər agentliyi WAM adı açıqlanmayan rəsmiyə istinadən bildirib ki, Şəfiq Qahirəyə gedib, ailəsi ilə hələ ki, BƏƏ-dədir.

Sabiq nazir və hava qüvvələri komandiri olan Şəfiq ötən həftə 2018-ci ildə prezidentliyə namizədliyini irəli sürmək planını elan etmişdi. O, 2012-ci ildə Misirdə keçirilən ilk azad seçkidə iştirak edib və islamçı Məhəmməd Morsiyə məğlub olub. Daha sonra isə o, ölkəni tərk edib.

İnsan haqları müdafiəçisi Xalid Əli də 2018-ci ildə namizədliyini irəli sürəcəyini açıqlayıb, amma dövlət orqanları tərəfindən təqib olunduğunu bildirib.

Prezident Əbdel-Fəttah Əl-Sissi hələ ki, namizədliyini rəsmi olaraq elan etməyib.

XS
SM
MD
LG