Accessibility links

Misirin müvəqqəti lideri and içdi (Yenilənib)


Misirdə demokratik yolla seçilmiş ilk prezident Məhəmməd Mursinin hərbi çevriliş nəticəsində devrilməsi və ev dustağı edilməsindən bir gün sonra Ali Məhkəmənin baş hakimi ölkənin müvəqqəti lideri kimi and içib.

Cümə axşamı keçirilən andiçmə mərasimindən sonra Ədli Mənsur qanunun aliliyinə hörmət edəcəyinə, Misir və onun xalqına təhlükəsizliyi və müstəqilliyini təmin edəcəyinə söz verib.

Prokurorlar cənab Mursinin Müsəlman Qardaşları təşkilatının yüksək səviyyəli nümayəndələri də daxil olmaqla 300 üzvünün həbsinə order verib.

Bu arada, Qahirənin Təhrir meydanında hələ də insan kütlələri toplaşır. Təhrir meydanı cənab Mursinin devrilməsi və 2011-ci ildə prezident Hüsnü Mübarəkin hakimiyyətdən salınmasına gətirib çıxarmış nümayişlərə səhnə olmuşdur.

Çərşənbə günü eleviziya vasitəsilə çıxış edən Misirin müdafiə naziri Əbdülfətfah Əl-Sissi dövlət başçısı Məhəmməd Mursinin daha prezident olmadığını və onun səlahiyyətlərinin Konstitusiya Məhkəməsinin rəhbərinə həvalə edildiyini elan edib.

Açıqlamadan az sonra Təhrir meydanına toplaşmış nəhəng izdiham bayram etməyə başlayıb. Mursi əleyhdarları prezidentin devrilməsini atəşfəşanlıqla qeyd ediblər.
XS
SM
MD
LG