Accessibility links

Moda dünyası koronavirusa qarşı mübarizəyə necə kömək edir


Milanda moda qalereyası karantin vaxtı bağlıdır

Bu günlər Nyu York dizayneri Kristiano Siriano sosial media şəbəkəsində 100 min maska hazırladığını elan edərək, dəstək göstərənlərə və donorlara təşəkkürünü bildirib.

Nyu Yorkda fəaliyyət göstərən dizayner Mayl Kors və keçmiş model Haydi Klumun da bir vaxtlar münsiflər heyətinin tərkibində olduğu “Project Runway” şousunun qalibi olmuş Kristiano Siriano epidemiyanın yayıldığı vaxtdan şəhər xəstəxanalarında çalışan tibbi personal üçün maskalar tikməyə başlayıb. Gənc dizayner Nyu York ştatının qubernatoru Endrü Kuomunun xəstəxanalarda maska və digər ləvazimat çatışmadığını dediyini eşitdikdən sonra ona müraciət edərək, şəhərdəki atlelyesinin maska tikilişi üçün açılmasına icazə verməsini istəyib. Gəlinlik donlarının dizaynı ilə tanınan Sirianonun atelyesində həftədə minlərlə maska hazırlanıb.

Nyu Yorkda Moda həftəsi, fevral, 2020.
Nyu Yorkda Moda həftəsi, fevral, 2020.

ABŞ-da koronavirus epidemiyasının episentri olmuş Nyu Yorkda yaşayıb fəaliyyət göstərən dizayner Maykl Kors COVID -19-a qarşı mübarizə səylərinə 2 milyon dollar ianə edib.

“Nyu York mənim evimdir…Nyu York mənim ürəyimdir…Mənə bu qədər bəxş edən şəhərə nəsə verə bilmək mənim üçün böyük şərəfdir.”, Maykl Kors mart ayında Twitter səhifəsində Amerikada koronavirusa ən çox yoluxma və ölüm hallarının qeyd edildiyi Nyu Yorka yardım səylərinə qoşulduğunu elan edib.

“Mən bütün həyatımı Nyu Yorkda yaşamışam. Bu şəhər 40 ildən artıq mənim evimdir, mən burada öz biznesimə başlamışam. Nyu York və nyu-yorklular haqda ən çox sevdiyim bir çox şeylər arasında onların gücü və böhranlı vaxtlarda sarsılmaz qətiyyətidir.” o, silsilə tvitlərində yazıb.

Bu, dizaynerlər və brendlərin sosial mediada pandemiya ilə mübarizədə yardım səylərinə dəstək verdiyi yeganə mesajlar deyil.

Milanda moda brendlərinə məxsus mağazalar koronavirusla əlaqədar karantinə görə bağlanıb, fevral, 2020.
Milanda moda brendlərinə məxsus mağazalar koronavirusla əlaqədar karantinə görə bağlanıb, fevral, 2020.

Qlobal koronavirus pandemiyasının dünya ölkələrinin iqtisadiyyatını tənəzzülə uğratması moda sənayesinə də ciddi təsir göstərib. Hökumətlərin koronavirusa qarşı mübarizə səyləri çərçivəsində tətbiq etdiyi karantin və məhdudlaşdırıcı tədbirlər nəticəsində sənaye və biznes şirkətləri fəaliyyətini dayandırmalı olduğu kimi, bir çox moda evləri də bağlanıb, kolleksiyaların nümayişi və şoular təxirə salınıb.

Amerikada koronavirus epidemiyasının episentri olan Nyu York şəhərində hər il adətən may ayında baş tutan möhtəşəm Metropoliten kostyum qala da bu il koronavirusa görə keçirilməyib. Lakin bütün bu karantin müddətində moda evləri, brendlər və ayrı-ayrı dizaynerlər, eləcə də məşhur univermaqlar COVID-19-a qarşı mübarizəyə qoşularaq bu işə öz töhfələrini verməyə çalışıb.

Arxiv fotosu- Nyu Yorkda Polo Ralph Lauren mağazası,aprel, 2017.
Arxiv fotosu- Nyu Yorkda Polo Ralph Lauren mağazası,aprel, 2017.

Amerikanın məşhur dizaynerinin adını daşıyan Ralph Lauren Korporasiyası koronavirusla mübarizə səylərinə 10 milyon dollar vəsati ayrıldığını elan edib. Bu maliyyənin bir hissəsi Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-a qaşı həmrəylik mübarizə fondu üçün nəzərdə tutulub. Ralph Lauren şirkəti Nyu Yorkdakı xəstəxanalarda çalışan tibb işçilərinə göstərdikləri işə görə təşəkkür məqsədilə onlara xüsusi yük maşınlarında kofe çatdırır.

Chanel moda evi koronavirusa qarşı mübarizəyə intensiv şəkildə qoşularaq, Fransada tibb işçiləri, polis və digər əhəmiyyətli sahələrdə çalışanlar üçün maskalar və tibbi xalatlar hazırlayıb. Bununla yanaşı, Chanel təcili yardım işçilərinə 1.2 milyon avro məbləğində maliyyə ianə edib.

Arxiv fotosu - Parisdə Chanel evinin yaz/yay mövsümü üçün kolleksiyası nümayiş etdirilir, oktyabr, 2019.
Arxiv fotosu - Parisdə Chanel evinin yaz/yay mövsümü üçün kolleksiyası nümayiş etdirilir, oktyabr, 2019.

Britaniyanın Burberry moda brendi öz veb səhifəsində “COVİD-19-a qarşı qlobal mübarizə səylərinə qoşularaq, öz resurslarını xəstəliyin təsirinə məruz qalanlara dəstək və gələcək infeksiyaların qarşısının alınmasına” yönəldəcəyini elan edib. Burberry Yorkşir fabrikasında maska və xalat istehsal etməklə yanaşı, koronavirusa qarşı vaksinin hazırlanması istiqamətində elmi tədqiqatlara da maliyyə dəstəyi ayırıb.

Bvlgary lüks zərgərlik brendi İtaliyada koronavirus böhranının aradan qaldırılmasına yardım məqsədilə ətriyyat istehsalını pulsuz dezinfeksiyaedici məhlullar istehsalı ilə əvəz edib. Bvlgary sosial mediada yardım kampaniyasının “İtaliya ilə əl-ələ. Biz birlikdə qələbə çalacağıq” şüarı ilə aparıldığını açıqlayıb.

“Mən inanıram ki, İtaliyanın əsas iqtisadi aktyoru və simvolu kimi Bvlgary COVID-19-un qarşısının alınması, ona qarşı mübarizə aparılması və onun aradan qaldırılması işində milli səylərə töhfə vermək kimi məsuliyyət daşıyır”, şirkətin icraçı direktoru Jan Kristof Babin bildirib.

Louis Vuitton Fransa lüks moda evi kosmetika və ətriyyat bölmələrinin fəaliyyətini dezinfeksiya məhlulları istehsalına yönəltdikdən sonra Fransada xəstəxanalarda maska çatışmazlığı probleminin həllinə kömək məqsədilə Çindəki təchizatçısı tərəfindən bir neçə milyon cərrahiyyə maskası paylanacağını açıqlayıb. Şirkət martın 21-də bunu elan etməsindən sonra növbəti dörd həftə ərzində Fransa xəstəxanalarına təxminən 40 milyon ədəd maska çatdırılacağını bildirimişdi.

Koronavirus epdemiyasının episentri olmuş Uhan şəhərində Louis Vuitton mağazası, 25 fevral, 2020.
Koronavirus epdemiyasının episentri olmuş Uhan şəhərində Louis Vuitton mağazası, 25 fevral, 2020.

Gucci moda evi COVID-19-a qarşı mübarizə səylərinə 2 milyon avro ianə etdiyini elan edib. Bu maliyyə vəsatinin yarısı İtaliyada Mülki Müdafiə Departamentinə, digər yarısı isə Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə mübarizədə birgə fonda yönəldilib.

Bunlarla yanaşı onlarla brend və moda evi fəaliyyətini koronavirusla mübarizənin ön cəbhəsində olan tibbi personal üçün maska, tibbi xalat və digər lazımi avandanlıq hazırlamaqla məşğul olub. Bəzi brendlər istehsalı bütünlüklə tibbi ləvazimatların hazırlanmasına yönəldib. Başqaları isə Ümumdünya Səhiyyə Təşkilatı və digər ictimai səhiyyə qurumlarına maliyyə ianə edib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG