ABŞ-da yerləşən dərman istehsalçısı Modernanın dediyinə görə, ilkin laboratoriya sıpnaqları hazırkı COVID-19 peyvəndinin üçüncü dozasının koronavirusun sürətlə yayılan Omikron variantına qarşı təsirli olduğunu göstərib.
Şirkətin bazar ertəsi verdiyi açıqlamasında gücləndirici olaraq tətbiq edilən peyvəndin yarım dozasının anti-cisim səviyyələrini 37 dəfə artırdığını, tam doza rejimində istifadə olunan peyvəndin isə anti-cisim səviyyələrini 80 dəfədən çox artırdığı bildirilib.
Moderna şirkətinin baş həkimi Pol Borton hələ ekspert yoxlamasından keçməyən peyvəndin effektiv, “son dərəcə təhlükəsiz” olduğunu və qarşıdan gələn tətil dövründə və Omikronun təsirinin ən güclü olduğu qış aylarında insanları qoruyacağını deyib.
ABŞ-ın federal səhiyyə rəsmiləri keçən ay həm Moderna, həm də iki dozalı Pfizer peyvəndlərinin gücləndirici dozalarından bütün yetkinlər üçün istifadəsinə icazə verib.
Moderna açıqlamasını ABŞ-ın yoluxucu xəstəliklər üzrə mütəxəssisi, doktor Antoni Fauçinin Omrikonun "dünyanı dəhşətə gətirdiyi" ilə bağlı xəbərdarlığından və amerikalıları peyvənd və gücləndirici dozaları vurdurmağa çağırmasından bir gün sonra verib.
Ümumdünya Səhiyyə Təşkilatının bazar günü bildirdiyinə görə, keçən ay ilk dəfə bir neçə Cənubi Afrika ölkəsində aşkar edilən Omikron hazırda 89 ölkədə mövcuddur.
Bazar günü NyuYork ştatında 22 500-ə yaxın təsdiqlənmiş yoluxma halı qeydə alınıb ki, bu rekord həddə çatan yeni infeksiyalar ardıcıl üçüncü gündür davam edir. İnfeksiyaların sayının artması Nyu York şəhərində çoxsaylı teatr şoularının və restoranların yenidən bağlanmasına səbəb olub. Sakinlər COVID testindən keçmək üçün şəhərin test məntəqələrində saatlarla uzun növbələrdə dayanır.
İsrail nazirləri Omikron variantı qlobal olaraq sürətlə yayıldığı üçün ABŞ, Kanada və digər səkkiz ölkəyə səyahətə qadağa qoyulması barədə razılığa gəlib.
Çərşənbə günündən etibarən səyahət qadağası siyahısına Belçika, Almaniya, Macarıstan, İtaliya, Mərakeş, Portuqaliya, İsveçrə və Türkiyə əlavə edilib.