Accessibility links

Moderna peyvəndini uşaqlar üzərində sınaqdan keçirməyə başlayıb


ABŞ-ın Moderna əczaçılıq şirkəti iki dozalı COVID-19 peyvəndinin 18 yaşdan kiçik insanlara tətbiq etməyin mümkün olub-olmadığını müəyyən etmək üçün peyvəndi uşaqlar üzərində sınaqdan keçirməyə başlayıb.

Şirkət ABŞ və Kanadada 6 aydan 12 yaşa qədər 6750 uşağa peyvənd tətbiq edəcək. Tədqiqatçıların peyvəndin yan təsirlərini və effektivliyini müəyyən edə bilmələri üçün dozlar 28 gün ara verməklə vurulacaq.

Tədqiqatlar Moderna peyvəndinin hazırlanmasına yardım edən Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu ilə əməkdaşlıqla aparılır.

Moderna dekabr ayından bəri 12 ilə 18 yaş arasında 3000 uşağın iştirakı ilə peyvəndin təhlükəsizliyi və effektivliyi ilə bağlı ayrıca araşdırma aparır.

Bu arada Vyetnam hökuməti Nanocovax adlı yerli COVID-19 peyvəndinin bu ilin sonuna qədər satışa təqdim ediləcəyini bildirib. Vyetnam bu ay 15000-dən çox vətəndaşına Oxford-AstraZeneca peyvəndi vurulduğunu və əlavə peyvənd almaq üçün Pfizer, Moderna, Johnson & Johnson və Rusiyanın Sputnik V şirkətləri ilə danışıqlar aparıldığını bəyan edib.

Avstraliyanın Baş Naziri Skot Morrisonun çərşənbə günü bildirdiyinə görə, artmaqda davam edən xəstəliklə mübarizə aparan qonşu Papua Yeni Qvineyaya təxminən 8000 doza Oxford-AstraZeneca peyvəndi göndəriləcək.

Skot Morrison Avropa İttifaqı və AstraZeneca şirkətini Kanberra tərəfindən satın alınan bir milyon dozalıq peyvəndi Papua Yeni Qvineyaya göndərməyə çağırıb.

XS
SM
MD
LG