Accessibility links

Moderna peyvəndinin ikinci dozadan altı ay sonra da 93% təsirli olduğunu deyir


Moderna şirkəti COVID-19-a qarşı olan peyvəndinin ikinci dozadan altı ay sonra 93% təsirli olmağa davam etdiyini bildirib.

Massaçusetts ştatının Kembric şəhərində qərargahlanan şirkət bunu cümə axşamı telefonla etdiyi konfrans zamanı bildirib.

"COVID-19 peyvəndimizin altı ay ərzində 93% davamlı təsir göstərməsindən məmnunuq, lakin Delta variantının yeni təhlükə olduğunu dərk edirik və ona görə də diqqətli olmağa davam etməliyik" deyə, Moderna-nın baş icraçı direktoru Stefan Bansel bildirib.

Şirkət qışa qədər gücləndirici üçüncü peyvəndinin gərək olacağına inandığını desə də, səhiyyə rəsmiləri hələlik bunu tövsiyə etmir.

Ümumdünya Səhiyyə Təşkilatı yoxsul ölkələri ilk dozalarla təmin edə bilmək üçün zəngin ölkələri hələ ki, gücləndirici dozaları tətbiq etməməyə çağırıb.

Keçən ilin ikinci rübündə 117 000 dollar zərər çəkən Moderna bu ilin ikinci rübündə 2.78 milyard dollar qazanıb. COVID-19 peyvəndi şirkətin kommersiya məqsədli təsdiqlənmiş yeganə məhsuludur və 50-dən çox ölkədə təcili istifadə üçün təsdiq edilib.

Almaniyanın BioNTech şirkəti ilə birlikdə peyvənd hazırlayan Pfizer bu yaxınlarda peyvəndinin ikinci dozadan sonra təsirli olduğunu açıqlayıb. Şirkət gəlirinin təxminən yarısının bu peyvənddən aldığını bildirib.

New York Times qəzetinin bildirdiyinə görə, ABŞ-ın Ərzaq və Dərman İdarəsi (FDA) sentyabrın əvvəlinə qədər COVID-19-a qarşı olan Pfizer peyvəndinin tam istifadəsinə icazə verməyi hədəfləyir.

Qəzet ABŞ-da COVID-19-un çox yoluxucu Delta variantından qaynaqlanan yeni koronavirus infeksiyasıları və xəstəxanaya yerləşdirilən insanların sayı artdığına görə Ərzaq və Dərman İdarəsinin iki dozalı peyvəndi tam təsdiq etmək üçün normal prosesi sürətləndirdiyini bildirib.

Son zamanlar yeni infeksiyalar əsasən peyvənd olunmamış insanlar arasında artmağa başlayıb. The New York Times Kaiser Family Foundation səhiyyə araşdırmaları qrupu tərəfindən aparılan son anketlərin nəticələrinə istinadən bildirib ki, ABŞ-da peyvənd edilməmiş hər 10 insandan üçü istifadəsi tam şəkildə təsdiqlənmiş peyvəndi vurmaq ehtimallarının daha yüksək olduğunu deyir.

XS
SM
MD
LG