Accessibility links

Monitorinq Qrupu məhbusların əfvi xahişi ilə çıxış edib


Azərbaycan Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu böyük bir qrup məhbusun azad edilməsi xahişi ilə ölkə prezidenti İlham Əliyevə müraciət edib.

Bu barədə Monitorinq Qrupunun üzvü, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.

Onun sözlərinə görə, hüquq müdafiəçiləri hesab edirlər ki, qarşıdan gələn Novruz bayramı böyük bir qrup məhbusun, o cümlədən siyasi məhbusların əfv edilməsi üçün yaxşı fürsətdir.

Bir müddət əvvəl bir çox hüquq müdafiə təkilatları da eyni çağırışla çıxış edib.

Azərbaycan ölkə prezidenti yanında Əfv Məsələləri Komissiyası artıq iki iclasını keçirib. Yerli medianın əfv komissiyasının üzvlərinə istinadən verdiyi məlumata görə 100-dən çox müraciətə baxılıb.

İki ilə yaxındır bütün kateqoriyalardan olan müraciətlərlə bağlı ölkədə əfv sərəncamı olmayıb.

Azərbaycanda son kütləvi əfv sərəncamı 2019-cu il martın 16-da olub. Bu sərəncam 431 nəfərə şamil edilib, onların 51 nəfəri yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınanlar olub.

Bir də ötən il aprelin 7-də COVİD-19 pandemiyası ilə bağlı 65 yaşından yuxarı risk qrupuna daxil olan məhbusların müraciətinə baxılıb, 176 şəxs əfv olunub.

XS
SM
MD
LG