Accessibility links

Merilend ştatının Montqomeri qraflığı mart ayını Azərbaycan İrsi ayı elan edib


Merilend ştatının Montqomeri qraflığı mart ayını Azərbaycan İrsi ayı elan edib
Merilend ştatının Montqomeri qraflığı mart ayını Azərbaycan İrsi ayı elan edib

Qraflığın icra hakimiyyətinin başçısı Ayze Leggett 2011-ci il mart ayının Azərbaycan İrsi ayı elan olunması ilə bağlı sərəncam imzalayıb. Sənəddə Azərbaycanın şərqdə ilk müstəqil müsəlman respublikası və müsəlman şərqində qadınlara səsvermə hüququnun verildiyi ilk ölkə olduğu qeyd edilir.

ABŞ-ın Merilend ştatının Montqomeri qaraflığında 2011-ci il mart ayı Azərbaycan İrsi ayı elan edilib. Dairənin icra hakimiyyətinin başçısı Ayze Leggett bununla bağlı sərəncam imzalayıb. Sənəddə Azərbaycanın şərqdə ilk müstəqil müsəlman respublikası və müsəlman şərqində qadınlara səsvermə hüququnun verildiyi ilk ölkə olduğu qeyd edilir. Burada deyilir ki, Qafqaz regionunda mədəniyyətin beşiyi olan Azərbaycan şairə Xurşud banu Natəvan və bəstəkar Üzeyir Hacıbəyov kimi sənətkarlar yetişdirib. Sənəddə həmçinin Azərbaycanın ABŞ-ın strateji müttəfiqi olduğu bildirilir. Sərəncamda azərbaycanlıların ABŞ cəmiyyətinə verdiyi töhfələr göstərilir, Kaliforniyanın Berkli universitetinin doktoru Lütfü Zadənin adı qeyd edilir.

Sənədin əslini bu linkdə tapa bilərsiniz:

http://karabakhfoundation.org/assets/305/Montgomery_County_Azerbaijani_Heritage_Month_Proclamation.pdf

2011-ci ilin mart ayının Azərbaycan İrsi ayı kimi tanınması təşəbbüsü ilə Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu çıxış edib və Montqomeri icra hakimiyyətinə bununla bağlı müraciət edib. Yaxın günlərdə qraflığın mərkəzi olan Rokvil şəhərində icra başçısı Ayze Leggetin iştirakı ilə mart ayının Azərbaycan İrsi ayı elan edilməsi ilə bağlı mərasim keçiriləcək. Xatırladaq ki, Azərbaycanın mədəniyyəti, tarixi və insanlığa verdiyi töhfələri tanıdmaq məqsədilə yaranmış Qarabağ fondu fəaliyyətinə başladığı qısa müddət ərzində çoxlu tədbirləri həyata keçirib.

Merilend ştatının Montqomeri qraflığı paytaxt Vaşinqtonun yaxınlığında yerləşir və ABŞ miqyasında ən çox inkişaf etmiş diyarlardan biri sayılır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG