Accessibility links

Moqadişuda partlayış nəticəsində ölənlərin sayı artıb


Cümə günü Somalinin paytaxtı Moqadişuda baş verən iki intiharcı maşın bombası hücumu nəticəsində ölənlərin sayı 38-ə çıxıb.

Aamin təcili tibbi yardım xidmətindən Əbdülkadir Əbdirrəhman Adan deyib ki, bomba hücumlarında prezident sarayı və otel hədəf alınıb. Azı 30 nəfər yaralanıb. Adan əlavə edib ki, qurbanların çoxu mülki vətəndaşlardır.

İlk partlayış ölkənin kəşfiyyat idarəsinin baş qərargahı yaxınlığında baş verib. Bir neçə dəqiqə sonra isə bir digər maşına yerləşdirilmiş bomba Somalinin prezident sarayından 300 metr uzaqda partlayıb.

Əl-Şəbab islamçı militant qrupu internetdə yerləşdirdiyi bəyanatda hücumun məsuliyyətini üzərinə götürüb və hökümət ilə təhlükəsizlik xidmətlərinin hədəf aldığını bildirib.

Adının açıqlanmasını istəməyən somalili kəşfiyyat rəsmisi Amerikanın Səsinə bildirib ki, maşının içindəki şübhəli əl-Şəbab militantları nəzarət-buraxılış məntəqəsində saxlanılıb və ilk öncə silahla atəş açıb, daha sonra isə maşını partladıblar.

O deyib ki, qaçmağa çalışan militantlar onları təqib edən təhlükəsizlik rəsmilərinə qarşı döyüşürdü.

“Biz iki böyük partlayış səsi eşitdik və şəhərin iki fərqli istiqamətində hələ də silah səsləri eşidilir,” deyə Moqadişu sakini Nur Əbdül Amerikanın Səsinə bildirib . “Partlayışlardan sonra, havada tüstü var idi,” o əlavə edib.

Əl-Şəbab son illərdə Moqadişuda onlarla hökümət binası, otel, restoran və digər yerlərə hücum edib.

XS
SM
MD
LG