Şənbə günü sahil mühafizə xidməti Kalabria sahillərində üç qayıqdan nəhəng xilasetmə əməliyyatlarına başlayıb. Nəticədə 1000-dən çox miqrant İtaliyanın cənubunda sahilə çıxarılıb.
Sahil mühafizə xidmətinə məxsus bir gəmi Reggio Kalabria şəhərinə 584 nəfəri gətirib, bir digəri isə 487 miqranta dolu balıqçı qayığını Kroton limanına müşayiət edib. Fevralın 26-da isə həmin əraziyə yaxın yerdə bir qayığın batması nəticəsində azı 74 nəfər həyatını itirib.
Yerli rəsmilər daha 200 miqrantın Siciliya sahillərindən xilas edildiyini və günün gec saatlarında Kataniyaya aparılacağını bildiriblər.
Çərşənbə günündən bəri İtaliyaya 4000-dən çox miqrant gəlib. Bu isə ötən ilin mart ayında gələn təxminən ümumi 1300 miqrant sayı ilə müqayisədə böyük bir rəqəmdir. Mühafizəkar hökumət isə dəfələrlə axının dayandırmaqla bağlı etdiyi vədlərinə baxmayaraq, artımın qarşısını almağa çalışır.
Sahil mühafizəsi cümə günü müxtəlif xilasetmə əməliyyatları üçün səkkiz qayıq göndərib. Eyni zamanda isə keçən ay baş verən fəlakətin təkrarlanmasının qarşısını almaq üçün dəniz patrul qayığı da çağırılıb. Belə ki, həmin fəlakət nəticəsində bir qayıq qayalıqlara çırpılaraq parçalanıb.
Şənbə günü bir qızın cəsədi tapılıb və bununla da ölənlərin sayı 74-ə çatıb. 79 nəfər qəza nəticəsində sağ qalıb, təxminən 30 nəfər hələ də itkindir. Onların öldüyü güman edilir.
Prokurorlar İtaliya hakimiyyətinin fəlakətin qarşısını almaq üçün daha çox iş görüb-görməməli olduğunu təhqiq edir. Baş nazir Giorgia Meloni bunu rədd edib və günahı tamamilə insan qaçaqçılarının üzərinə atmağa çalışıb.
Onun kabineti cümə axşamı insan qaçaqmalçıları üçün daha sərt həbs şərtləri irəli sürüb və qanuni miqrasiya üçün daha çox yollar açmağı vəd edib. Onlar ötən ilin sonlarında xeyriyyə xilasetmə gəmilərini miqrantlar üçün taksi xidməti kimi fəaliyyət göstərməkdə ittiham edərək, onlara qarşı sərt tədbirlər görüb.
Bununla da Şimali Afrika yaxınlığında patrul çəkən xilasetmə gəmilərinin sayı kəskin şəkildə azalıb.
Buna baxmayaraq miqrant axınında kəski artım müşahidə olunub və bu ilə İtaliyaya qayıqla 17 minə yaxın miqrant gedib.