Accessibility links

Xilasedicilər Mərakeşdə zəlzələdən sağ qalanların axtarışını davam etdirir


Bazar ertəsi Mərakeşdə xilasedicilər 2100-dən çox insanın ölümünə səbəb olan güclü zəlzələdən sonra sağ qalanların axtarışını davam etdirib.

Mərakeş hökuməti Britaniya, İspaniya, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən olan axtarış qruplarının Atlas dağlarındakı kəndlərdə dağıntıların qazılması səylərinə qoşulduğunu bildirib.

Cümə günü gecə baş verən 6,8 bal gücündə zəlzələ ölənlərdən əlavə 2400-dən çox insanın xəsarət almasına səbəb olub. ABŞ-ın Geoloji Xidməti zəlzələnin episentrinin Mərakeş şəhərindən 72 kilometr cənub-qərbdə olduğunu bildirib.

Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, son bir əsrdə Mərakeşdə baş verən bu ən güclü zəlzələ 300 min insanı öz təsirinə məruz qoyub. Xilasetmə səyləri ləng gedib və bəzi mərakeşlilər sosial şəbəkələrdə hökumətin daha çox xilasedicinin yardım üçün ölkəyə gəlməsinə icazə vermədiyindən şikayətlənib.

ABŞ prezidenti Co Bayden bazar günü jurnalistlərə deyib ki, onun administrasiyası Mərakeşə hər cür lazımi yardımı göstərməyə hazırdır.

Zəlzələ nəticəsində evsiz qalanlar bazar günü də, ardıcıl olaraq üçüncü gecə küçələrdə yatıb.

Kral VI Məhəmməd bazar günündən başlayaraq, ölkədə üç günlük milli matəm elan edib. Ordu axtarış-xilasetmə qruplarını səfərbər edib, kral isə evsiz qalanlara su, yemək payı və sığınacaq verilməsinə göstəriş verib.

Kral bazar günü məscidlərdə qurbanlar üçün dua edilməsinə çağırıb. Ölənlərin çoxu şənbə günü yaxınlıqda xilasetmə işləri aparıldığı zaman dəfn edilib.

Forum

XS
SM
MD
LG