Accessibility links

Morqan Ortaqus: Hər iki tərəfin atəşkəsə dair öhdəliklərini yerinə yetirməsini istəyirik


ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində rolu ilə bağlı Amerikanın Səsinə açıqlama verib. O, ABŞ-ın münaqişənin sülh yolu həllinə nail olmaq istədiyini vurğulayıb. Morqan Ortaqus Amerikanın Səsinin ABŞ-ın münaqişənin nizamlanmasında rolunu aktivləşdirməsi ilə bağlı sualını cavablandırıb.

"Qeyd etmək vacibdir ki, həm Azərbaycan, həm də Ermənistan xarici işlər nazirləri cümə günü Vaşinqtonda Dövlət Katibi Mayk Pompeo ilə görüşdülər. Bu, ümumiyyətlə daha öncə baş verməyib. Düşünürəm ki, münaqişə başlayandan bəri Rusiyada qısa bir müddət görüşmüş ola bilərlər, amma uzun müddət birlikdə görüşməyiblər.

Və bu danışıqlar atəşkəslə nəticələndi. Təəssüf ki, o biri atəşkəslər kimi bu atəşkəs də ümid etdiyimiz qədər sürmədi. Hal-hazırda bu konfliktdə çox qarışıqlıq var. Dövlət Katibi Pompeo hər iki ölkənin liderlərinə bundan sonra zənglər edib. Düşünürəm ki, bu, Prezident Trampın Dövlət Katibi Pompeonun hər iki ölkəyə kömək etmək səylərinə və Dövlət Katibinin müavinin bu prosesi və bu münasibətləri idarə etməyə kömək etməsinə verdiyi əhəmiyyəti göstərir. Biz hər iki tərəfin atəşkəsə dair öhdəliklərini yerinə yetirməsini istəyirik. Biz münaqişənin sülh yolu ilə həll olunmasını istəyirik. Bu münaqişə Sovet İttifaqının dağılmasından bəri davam edir. Yəni bu, yeni bir problem deyil. Bu, on illərdir davam edən və bizə miras qalan problemdir. Biz hər iki tərəfin öz öhdəliklərini yerinə yetirməsinə nail olmaq üçün və Dövlət Katibi Pompeo və müavini vasitəsilə intensiv diplomatik əlaqələri davam etdirəcəyik. Ancaq düşünürəm ki, həftəsonu ABŞ-ın təkcə öhdəliklərimiz vasitəsilə deyil, həm də bu proses üçün çox vacib olan Minsk Qrupu vasitəsilə yüksək səviyyədə iştirakının şahidi olmusunuz", Morqan Ortaqus bildirib.

ABŞ Dövlət katibi Mayk Pompeo oktyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ilə ayrı-ayrılıqda keçirdiyi telefon söhbətində onları atəşkəsə dair vədlərə əməl etməyə çağırıb.

Pompeo oktyabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla ayrı-ayrı görüşlər keçirib.

Oktyabrın 25-də ABŞ, Azərbaycan və Ermənistan hökumətləri birgə bəyanat yayaraq, 26 oktyabr yerli vaxtla səhər saat 8:00-da humanitar atəşkəsin qüvvəyə mindiyini elan edib. Lakin humanitar atəşkəs elan edilməsinə baxmayaraq, tərəflər oktyabrın 27-də bir-birini atəşkəsi pozmaqda günahlandırır. Bundan öncə, oktyabrın 10-da Rusiyanın, oktyabrın 17-də Fransanın təşəbbüsü ilə humanitar atəşkəs razılığı olub. Bu razılaşmalara baxmayaraq aktiv hərbi əməliyyatlar davam etdirilib.

Şərhlərə bax

XS
SM
MD
LG