Accessibility links

Moskva məhkəməsi ukraynalı müğənni Camalanı həbs cəzasına məhkum edib


Moskva məhkəməsi ukraynalı müğənni Camalanı Rusiya ordusu haqqında "yalan" məlumatlar paylaşdığına görə, qiyabi olaraq həbs cəzasına məhkum edib. Bu barədə TASS xəbər agentliyi prokurorluğa istinadən xəbər verib.

Əvvəllər müğənni Rusiya Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmişdi.

Prokurorluq Camalanın "milli ədavət zəminində Rusiya Federasiyası Silahlı Qüvvələri ilə bağlı yalan məlumatları qəsdən açıq şəkildə yaymaqda" ittiham olunduğunu bildirib. Camalanın hansı məlumatları və nə vaxt yaydığı açıqlanmayıb.

Əsl adı Susana Camaladinova olan Krım tatar əsilli müğənni və aktrisa Camala Ukraynanın xalq artistidir. O, Ukrayna Milli Musiqi Akademiyasını bitirib.

2016-cı ildə Ukraynanı təmsil edən Camala Stalinin Krım tatarlarını deportasiyasından bəhs edən "1944" mahnısı ilə Stokholmda Eurovision müsabiqəsinin qalibi olub. 2023-cü ildə Camala xalqının qədim mahnılarından ibarət "Krım" albomunu yazıb.

Müğənni dəfələrlə Krımın Rusiya tərəfindən ilhaqına və Rusiyanın Ukraynaya silahlı təcavüzünə qarşı çıxış edib. 2022-ci ilin aprelində Rusiya Xarici İşlər Nazirliyi onun adını Rusiyaya girişi 50 il müddətinə qadağan edilən ukraynalı sənət adamları siyahısına daxil edib.

Forum

XS
SM
MD
LG