Accessibility links

Moskva və Kyiv arasında daha bir əsir mübadiləsi olub


31 yanvar 2024-cü il tarixində yayımlanan fotoda Ukrayna hərbi əsirləri mübadilədən sonra Ukraynada adı açıqlanmayan yerdə göstərilir.
31 yanvar 2024-cü il tarixində yayımlanan fotoda Ukrayna hərbi əsirləri mübadilədən sonra Ukraynada adı açıqlanmayan yerdə göstərilir.

Yanvarın 31-də Rusiya və Ukrayna arasında növbəti məhbus mübadiləsi keçirilib. Kyiv 207 ukraynalı hərbi əsirin qaytarıldığını deyib. Rusiya isə eyni sayda Ukrayna əsgərinin müqabilində 195 hərbçisinin dəyişdirildiyini bildirib.

"Bizim insanlarımız qayıdıb. Onlardan 207 nəfəri. Nə olursa olsun, onları evlərinə qaytarırıq", Ukrayna prezidenti Volodimir Zelenski X hesabında yazıb.

Dəyişdirilən ukraynalıların sayındakı uyğunsuzluq, çox güman ki, Rusiyanın sıyahıya yalnız hərbçiləri daxil etməsi ilə bağlıdır.

"Biz əsirlikdə olan hər bir ukraynalını xatırlayırıq. Həm döyüşçüləri, həm də mülki şəxsləri. Biz onların hamısını geri qaytarmalıyıq. Biz bunun üzərində işləyirik", Zelenski yazıb.

Hərbi əsirlərin mübadiləsi bir həftə əvvəl, yanvarın 24-də baş tutmalı idi.

Lakin həmin gün Moskva Ukraynanı sərhədə yaxın Belqorod vilayətində qəzaya uğrayan Rusiyaya məxsus hərbi yük təyyarəsini vurmaqda ittiham edib. Hadisə nəticəsində mübadiləyə aparılan 65 ukraynalı hərbi əsir də daxil olmaqla, təyyarədəki 74 nəfərin hamısı həlak olub.

Təyyarədə ukraynalı hərbi əsirlərin olması və ya təyyarənin Ukraynanın zenit raketi ilə vurulması ilə bağlı Rusiyanın iddiaları Kyiv tərəfindən birbaşa təsdiqlənməyib.

Bu ayın əvvəlində tərəflər 2022-ci ilin fevralında Kremlin Ukraynaya genişmiqyaslı təcavüzündən bəri ən böyük əsir mübadiləsi həyata keçiriblər. Yanvarın 3-də ümumilikdə 230 ukraynalı hərbi əsir 248 rusiyalı ilə dəyişdirilib.


Forum

XS
SM
MD
LG