Accessibility links

Moskva məhkəməsi 24 Ukrayna dənizçisinin həbs müddətini uzadıb


Moskvanın Lefortovo məhkəməsi aprelin 17-də Krım sahillərindən saxlanılan 24 nəfər ukraynalı dənizçinin hamsının həbs müddətini uzadıb. Onlar 24 və 26 iyuladək müvəqqəti saxlanma məntəqəsində qalacaqlar.

Prokurorların tələbi ilə "istintaqın hüquqi cəhətdən qorunan sirlərini qorumaq üçün" məhkəmə dinləmələri qapalı qapılar arxasında keçirilib.

Almaniya kansleri Anqela Merkel və Fransa prezidenti Emmanuel Makron hərbçilərin sərbəst buraxılmasını tələb ediblər.

Dənizçilərdən biri olan Andrey Şevçenko yoldaşını təbrik etmək üçün, məhkəməyə "Nastya, doğum günün mübarək" şüarı gətirib.

Vəkil Nikolay Polozov bildirib ki, həbs müddətinin uzadılması barədə qərar appelyasiyaya təqdim olunacaq.

Krym.Realii saytının verdiyi xəbərə görə, məhkəmə binası qarşısında Ukraynalı dənizçilərin dəstəkləmək üçün tək nəfərlik piket keçirilib.

Dənizçilər 2018-ci ilin noyabrın 25-də saxlanılıb. Rusiya sərhədçiləri üç Ukrayna gəmisini (zirehli artilleriya qayıqları Berdyansk və Nikopol və Yana Kapu buksiri) atəşə tutub. Ukrayna hökümətinin məlumatına görə, bu, gəmilərin Rusiyanın sahillərindən 12 kilometrlik bölgəni tərk etdikdən- yəni ilhaqdan sonra Rusiyanın öz torpağı adlandırdığı ərazidən kənarda baş verib.

24 nəfər həbs olunaraq, ilk öncə Krımda bir izolyatora yerləşdirilib, sonra isə Moskvaya gətirilib.

Ukrayna hökuməti dənizçilərin 'müharibə əsiri' olaraq tanınmasına təkid edir.

Dekabrın sonunda Almaniya kansleri Anqela Merkel və Fransa prezidenti Emmanuel Makron hərbçilərin sərbəst buraxılmasını tələb ediblər. ABŞ prezidenti Donald Tramp Kerç hadisəsi səbəbilə zirvə toplantısında Vladimir Putinlə iki saatlıq görüşünü ləğv edib.

17 aprel tarixində Ukraynanın dənizçilərin azad edilməsi tələbi ilə dəniz hüququ üzrə Beynəlxalq Tribunalına müraciət etdiyi məlum olub.

XS
SM
MD
LG