Accessibility links

Moskva meri COVID-19-a yoluxmaların artması ilə əlaqədar həyacan təbili çalır


Moskva şəhərin meri həm paytaxtda həm də Rusiyanın digər bölgələrində koronavirusa yoluxma hallarının artması səbəbindən həyəcan təbili çalır. O qışdan bəri ilk dəfə yoluxmalarda kəskin artımın qeydə alındığını bildirir.

Ölkə boyu son 24 saat ərzində virusa 12 505 yeni yoluxma halı qeydə alınıb ki, bu da pandemiya başlayandan bəri ümumi yoluxmaların sayının 5,180,454-ə çatmasına səbəb olub.

Yeni yoluxmaların 5 853 təkcə Moskvada qeydə alınıb. Bunun yanvar ayından bəri paytaxt üçün qeydə alınmış rekord rəqəm olduğunu söyləyən mer Sergey Sobyanin indi COVID-19-la mübarizənin çətinləşdiyini bildirir.

"Biz yazda pandemiyanın pikinin keçən il olduğu kimi aprel-may aylarında aşağı düşəcəyini gözləyirdik" deyən Sobyanin iyunun 11-də televiziya ilə çıxışında bildirib ki, "Ancaq indi bunun iyun-iyul aylarına doğru dəyişdiyini görürük".

Prezident Vladimir Putinin yaxın müttəfiqi olan Sobyanin Moskva sakinlərinin təxminən yarısında bu vaxta qədər virusa qarşı immunitetin yarandığını təxmin edirdi. Lakin o indi virusun müalicəsinin daha da çətinləşdiyini vurğulayaraq bildirir ki, "COVID-19-un indi nə qədər aqressiv olduğunu görürük".

"Olduqca çox sayda moskvalı reanimasiya şöbəsində süni nəfəs cihazlarına qoşulu vəziyyətdədir" deyən mer bildirir ki, "Təhlükə realdır".

Pandemiya başladığı gündən bəri Rusiyada rəsmilər tərəfindən koronavirus səbəbindən 125 000-dən çox ölümü halı qeydə alınsa da, bəzi ekspertlər hökumət rəsmilərinin ölüm hallarının çox azını açıqladığını düşünür.

Rosstat Federal Statistika Agentliyi fərqli bir statistika yaradaraq bildirir ki, 2020-ci ilin aprelindən 2021-ci ilin aprel ayına qədər ölkədə təxminən 270 000 COVID-19-la əlaqəli ölüm halı qeydə alınıb.

Bloomberg Rosstat-ın rəhbərinin müavini Pavel Smelova istinadən bildirir ki, agentliyin 15 iyunda yayımlayacağı hesabatı ilə keçən ilki ölüm hallarının sayı aratacaq.

Hazırda Rusiyada demək olar ki, bütün COVID-19 məhdudiyyətləri ləğv edilib və ölkə sakinləri ictiami nəqliyyat vasitələri və digər yerlərdə maska taxmaqdan imtina edir.

Rusiya hələ keçən ilin avqust ayında dünyanın ilk koronavirus peyvəndi kimi Sputnik V-nin istifadəsini təsdiqləsə də, rəsmilər peyvəndlənməni sürətləndirməkdə çətinlik çəkir.

XS
SM
MD
LG