Accessibility links

Moskva yaxınlığında yaşayış binasında baş verən partlayış ən az üç nəfərin ölümünə səbəb olub


Moskva yaxınlığında Ximki şəhərindəki yaşayış binasında baş verən partlayış nəticəsində biri uşaq olmaqla ən azı üç nəfər həyatını itirib.

Moskvanın Regional Fövqəladə Hallar Nazirliyinin direktoratı 19 mart tarixində səhər erkən saatlarda doqquz mərtəbəli binanın səkkizinci mərtəbəsindəki mənzildə qaz sızması səbəbilə baş verən partlayış nəticəsində daha dörd nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.

Nazirlik rəsmiləri yaralılardan birinin vəziyyətinin ağır olduğunu bildirir. Rəsmilər hadisə nəticəsində ölənlər haqqında ətraflı məlumat verməyiblər.

Partlayış beş mənzildə yanğına səbəb olub, bir neçə eyvan uçub. Eləcə də binanın səkkiz və doqquzuncu mərtəbələri arasındakı baryerlər məhv olub.

Hadisə yerinə gələn Regional Qubernator Andrey Vorobyov partlayışdan zərər çəkən ailələrin hamısına təzminat veriləcəyini və hər cür lazımlı yardımın ediləcəyini deyib.

İstintaq Komitəsinin sözçüsü Olga Vradi binada təhlükəsizlik qaydalarına riayət olunub-olunmaması ilə bağlı bir araşdırma başladıldığını bildirib.

Rusiyada köhnəlmiş boru kəmərləri və infrastruktur, eləcə də zəif təhlükəsizlik standartları səbəbindən tez-tez qaz sızması nəticəsində partlayışlar baş verir.

Keçən ay Şimali Qafqaz bölgəsindəki Vladikavkaz şəhərinin rəsmiləri qaz sızıntısının səbəb olduğu partlayışın bir supermarketi demək olar ki, tamamilə dağıtdığını xəbər verir. Partlayış iş saatlarından sonra baş verdiyi üçün itki olmamışdı.

XS
SM
MD
LG