Accessibility links

Moskvada Ərdoğan Putin sammiti - Suriya gündəmdə


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Moskvada görüş zamanı, 23 yanvar, 2019.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Moskvada görüş zamanı, 23 yanvar, 2019.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar keçirmək üçün Moskvadadır. Onun səfəri Türkiyə silahlı qüvvələrinin Suriyada YPG kürd qüvvələrinə qarşı genişmiqyaslı hərbi əməliyyata başlamağa hazırlaşdığı bir vaxta təsadüf edir.

“Biz 30 ildən çoxdur fəaliyyəti bizim vətəndaşlarımıza qarşı yönələn terrorçu qrupla necə davranmaq məsələsində heç kəsdən məsləhət istəmirik” – deyə, Ərdoğan Rusiyanın gündəlik Kommersant qəzetində dərc edilmiş məqalədə yazıb.

Ankara YPG və onun siyasi qanadı olan PYD terror təşkilatlarının Türkiyə daxilində üsyançı hərəkata bağlı olduğunu hesab edir.

Ankara və Moskva Suriya müharibəsində rəqib tərəfləri dəstəkləyir. Bu fərqlər 2015-ci ildə Türkiyənin Rusiyanın bombardmançı təyyarəsini vurması ilə nəticələnmişdi. O insidentdən bəri iki prezident münaqişəyə son qoyulması səylərində daha fəal əməkdaşlıq edir.

Ərdoğan və Putin 2018-ci ildə ikitərəfli münasibətlər və xüsusilə də Suriyada vəziyyəti müzakirə etmək üçün yeddi dəfə təkbətək görüş və 18 dəfə telefon söhbəti keçirib.

Arxiv fotosu - Türkiyə silahlı qüvvələrinin əsgərləri Suriyanın şimalında Afrin şəhərində, 24 mart, 2018.
Arxiv fotosu - Türkiyə silahlı qüvvələrinin əsgərləri Suriyanın şimalında Afrin şəhərində, 24 mart, 2018.

Putin Türkiyənin YPG-yə qarşı iki hərbi əməliyyatına yaşıl işıq verib. Bunun nəticəsində Suriyada geniş ərazi Ankaranın nəzarətinə keçib.

Lakin bununla belə, Türkiyənin dekabr ayında Moskvaya səfər etmiş nümayəndə heyəti Suriyanın şimalında YPG-ni hədəf alan planlaşdırılmış əməliyyata dəstək ala bilməmişdi.

Ankarada Orta Şərq Texniki Universitetinin beynəlxalq əlaqələr professoru Hüseyin Bağçı Ərdoğanın Putinin fikrini dəyişməyə nail olmaq istədiyini bildirir.

“Rusiya Suriyada böyük oyunçudur. Türkiyə Rusiya ilə birlikdə Suriyada mövcudluğunu saxlamağa çalışır” – deyə, o bildirib.

Təhlilçinin sözlərinə görə, Ankara üçün problem həm də ondan ibarətdir ki, kürdlər həm də ruslar tərəfindən dəstəklənir. “Ruslar son nəticədə pulları kürdlərə və suriyalılara qoyacaq, türklərə deyil, çünki Türkiyə bir dəfə ruslara onların döyüş təyyarəsini vurmaqla xəyanət edib və ruslar bunu unutmayacaqlar” – deyə, o bildirib.

Arxiv fotosu - Suriya kürdlərinin YPG birləşmələrinin əsgərləri Rəqqa şəhərində, 3 iyul, 2017.
Arxiv fotosu - Suriya kürdlərinin YPG birləşmələrinin əsgərləri Rəqqa şəhərində, 3 iyul, 2017.

Türkiyənin keçmiş yüksək səviyyəli diplomatı Aydın Selcen hesab edir ki, Putin Türkiyənin YPG-yə qarşı hərbi təhdidlərindən kürd birləşmələrini Dəməşqlə razılaşma əldə etməyə məcbur etməkdən ötrü istifadə edir.

“Cənab Putin Türkiyənin Suriyadakı əvvəlki hərbi əməliyyatlarından fərqli olaraq bu dəfə gözləyəcək. Əgər PYD Rusiyanın təklifi əsasında Dəməşqlə razılıq əldə etsə və bunun əvəzində Moskva bu razılaşma il bağlı qarantiyalar versə, o zaman Rusiya Ankaranı birtərəfli hərbi əməliyyatdan çəkindirməyə çalışacaq” – deyə, o bildirib.

ABŞ prezidenti Donald Trampın keçən ay Birləşmiş Ştatların hərbi qüvvələrinin Suriyadan çıxarılacağını və Amerikanın İslam Dövləti qrupuna qarşı mübarizədə kürd hərbi birləşmələrinə hərbi dəstəyini geri çəkəcəyini elan etməsindən sonra Moskvanın YPG və PYD üzərində nüfuzu artıb.

Arxiv fotosu - ABŞ hərbi qüvvələri Mənbicdə, 31 mart, 2018.
Arxiv fotosu - ABŞ hərbi qüvvələri Mənbicdə, 31 mart, 2018.

Vaşinqton Suriyadakı kürd qüvvələrini dəfələrlə Dəməşq və Moksva ilə sövdələşmə çağırışlarına müqavimət göstərməyə çağırıb. Müşahidəçilər ABŞ-ın Suriyadan çıxması və Türkiyə hərbi qüvvələrinin sərhəd bölgələrində yerləşdirilməsilə YPG və PYD-nin Dəməşqdən başqa çox az seçimi olduğunu qeyd edir.

Putin həmçinin Trampın Suriyadan ABŞ hərbi qüvvələrinin çıxarılması qərarının onun Ərdoğanı Türkiyənin ənənəvi NATO müttəfiqindən uzaqlaşdırmaq səylərinə kömək etməyəcəyini də anlayır. Vaşinqtonun Suriya kürdlərinə dəstəyi Ankara ilə münasibətlərdə gərginliyin artmasına səbəb olub.

Tramp və Ərdoğan keçən bazar günü bu ay ikinci dəfə telefon söhbəti aparıb. Ağ Evin verdiyi məlumata görə, iki lider Suriyanın şimalında hər iki ölkənin təhlükəsizliklə narahatlıqlarının nəzərə alındığı həll yolunun tapılması səyləri ilə bağlı razılığa gəlib.

Lakin Ərdoğan Suriya məsələsində Putinlə yaxından iş aparmalıdır. Suriyanın İdlib vilayətinin gələcəyi məsələsinin Ərdoğan və Putin arasında danışıqların diqqət mərkəzində olacağı gözlənilir.

XS
SM
MD
LG