Accessibility links

Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş prokurorları görüşüb


Bu gün, yanvarın 12-də Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan baş prokuroru Kamran Əliyev, Rusiya baş prokuroru İqor Krasnov və Ermənistan baş prokuroru Artur Davityanın üçtərəfli formatda görüşü keçirilib.

Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatına görə, görüşdə dövlət başçılarının 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının müvafiq bəndlərinin icrası, həmçinin hüquqi əməkdaşlıq mexanizmləri müzakirə edilib.

İqor Karasnov bildirib ki, üç ölkənin baş prokurorlarının görüşü dünən Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistan baş nazirinin üçtərəfli görüşündə əldə edilmiş razılaşmalar, o cümlədən hərbi əməliyyatlara məruz qalan bölgələrin sakinlərinə yardım göstərilməsi baxımından əlamətdar xarakter daşıyıb.

“Rusiya, Azərbaycan və Ermənistan prokurorluqları arasındakı yaxşı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətlərin xüsusi mahiyyətini qeyd etmək istəyirəm. Prokurorların əlaqələrinin daha da inkişafı hər üç dövlətin xalqlarının maraqlarına cavab verir və Zaqafqaziya bölgəsində sabitliyin möhkəmlənməsinə kömək edəcək. Əminəm ki, konstruktiv dialoq bundan sonra da intensiv inkişaf edəcəkdir,” o qeyd edib.

Rusiya baş prokurorunun sözlərinə görə, müasir təhdidlərlə mübarizə aparmaq üçün hər üç prokurorluğun qarşısında ümumi vəzifələr durur.

“Biz terrorizm, korrupsiya, kiber cinayətlər, ekoloji cinayətlər, habelə vətəndaşların, ilk növbədə yetkinlik yaşına çatmayanların da daxil olduğu ən həssas qrupların hüquq və azadlıqlarının qorunmasını təmin etməliyik. Heç bir dövlət transmilli cinayətlə tək mübarizə apara bilməz. Bu sahədə səmərəli iş üçün hər bir prokurorun biliyi və səyləri vacibdir. Ancaq əziz həmkarlarım beynəlxalq əməkdaşlığın gücləndirilməsinə şəxsi töhfənizi xüsusilə qiymətləndiririk. Əminəm ki, bugünkü görüşümüz Azərbaycan, Ermənistan və Rusiya prokurorlarının işinin nəticələrinə müsbət təsir göstərəcək. Bu il beynəlxalq forumlar da daxil olmaqla daha tez-tez şəxsi təmasları gözləyirəm,” Krasnov qeyd edib.

Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan bildirib ki, Artur Davityan görüşdə erməni hərbi əsirlərin, eləcə də Azərbaycanda saxlanılan digər şəxslərin qaytarılması və hüquqlarının təmin edilməsi üçün təminat verilməsinin vacibliyini qaldırıb.

Ermənistan Baş Prokuroru hesab edir ki, hərbi əsirlərin və mülki şəxslərin geri qaytarılması üçtərəfli bəyanat çərçivəsində əldə olunan digər razılaşmaların həyata keçirilməsinin və bölgədə sülhün möhkəmləndirilməsinin vacib qarantı olacaq.

Ermənistan Baş Prokurorluğu bildirib ki, tərəflər məsələlərin müzakirəsinə davam edilməsi barədə razılıq əldə edib.

Yanvarın 11-də Kremldə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağla bağlı keçirilən danışıqlar başa çatıb. Danışıqlar dörd saatadək davam edib.

Vladimir Putin bildirib ki, tərəflər Qarabağın inkişafına dair birgə bəyanat imzalayıb və buna uyğun olaraq yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri plan təqdim edəcəklər.

"Bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki biz razılığa gələ bildik və regionda vəziyyətin inkişafı ilə bağlı birgə bəyanat imzaladıq," Putin qeyd edib.

O, iqtisadi əlaqələrin və infrastruktur layihələrinin inkişafı ilə bağlı konkret addımlardan da danışıb.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də hərbi əməliyyatlar başlayıb və bu, 30 ildən artıq davam edən münaqişənin davamı olub. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycanın nəzarətinə qaytarıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın.

Birgə bəyanatda həmçinin hərbi əsirlər və digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhliznin açılması əksini tapıb.

Şərhlərə bax

XS
SM
MD
LG