Accessibility links

Moskvada Boris Nemtsovun xatirəsinə həsr edilmiş yürüş


Minlərlə insan 2015-ci ildə Kreml yaxınlığında qətlə yetirilmiş Rusiya müxalifət lideri Boris Nemtsovun xatirəsini anmaq üçün Moskvada hər il keçirilən yürüşdə iştirak edib.

Nümayişçilər əllərində Nemtsovun portretlərini ilə yanaşı, üzərində “Rusiya azad olacaq”, “Putinsiz Rusiya” yazılmış plakatlar tutub.

Kreml yaxınlığında 10 mindən çox insanın toplaşdığı bildirilir.

Bu, Vladimir Putinə etiraz yürüşüdür. Bu, azad, demokratik Rusiya naminə yürüşdür.
İlya Yaşin

Aksiya “Solidarnost” hərəkatı, PARNAS və “Yabloko” partiyaları, korrupsiya ilə mübarizə fondu və digər müxalifət qrupları tərəfindən təşkil edilib. Yürüşdə Aleksey Navalnı, İlya Yaşin, Vladimir Kara-Murza və digər müxalifət nümayəndələri iştirak edib.

Nemtsovun xatirəsinin anıldığı yürüşlər Sank-Peterburq və Rusiyanın digər şəhərlərində də keçirilib.

“Bu, Vladimir Putinə etiraz yürüşüdür. Bu, azad, demokratik Rusiya naminə yürüşdür” – deyə, aksiyanın təşkilatçılarından biri olan İlya Yaşin bildirib.

Rusiya prezidenti Vladimir Putinin ən kəskin tənqidçilərindən biri olmuş Nemtsov 2015-ci ildə Kreml yaxınlığında qətlə yetirilib. O zaman 55 yaşlı siyasətçi Rusiyanın Ukrayna münaqişəsindəki rolu haqda hesabat üzərində işləyirdi.

Məhkəmə cinayətin törədilməsində Çeçenistandan olan beş nəfəri günahkar tanıyaraq, onları 11 ildən 20 ilə qədər uzunmüddətli həbs cəzalarına məhkum edib. Lakin Nemtsovun silahdaşları təhqiqatın davam etdirilməli olduğunda təkid edir. Onlar təhqiqatın gedişində cinayətin təşkilatçıları və sifarişçilərinin tapılmasına nail olunmadığını bildirir.

XS
SM
MD
LG