Accessibility links

Moskvada piyadalar üzərinə maşın sürən taksi sürücüsü saxlanıb


Moskavın mərkəzi küçələrindən birində taksinin piyadalara çırpılması nəticəsində Rusiyada keçirilən Dünya Kubokuna gəlmiş Meksika azarkeşləri də daxil olmaqla, bir neçə nəfər xəsarət alıb.

Moskva hakimiyyət orqanları taksi sürücüsünün sürücülük vəsiqəsində qırğız soyadının yazıldığını xəbər verib.

Bu da bildirilir ki, iyunun 16-da baş vermis bu qəza zamanı sürücü avtomobilin idarəsini itirib və taksi Qızıl meydan yaxınlığındakı küçənin səkisinə çıxıb. Hadisə nəticəsində turistlərin gur olduğu bu yerdə 7 piyada xəsarət alıb.

Hadisənin sosial mediada yayılmış videosunda görünür ki, nəqliyyatın dayandığı küçədə taksi qəfildən peyda olaraq səkiyə çıxır və adamlara çırpılır. Bundan sonra sürücü onu saxlamaq istəyənlərdən qaçıb qurtarmağa çalışır.

Moskva şəhər polisi bildirib ki, ilkin təhqiqat qəzaya sürücünün avtomobilin idarəsini itirməsinin səbəb olduğunu göstərib.

Moskva meri Sergei Sobyanin də Twitter-də “bu xoşagəlməz insidentə nəzarətin itirilməsinin” səbəb olduğunu yazır.

Polis bildirib ki, hadisə zamanı ölüm halı qeydə alınmayıb, amma xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Polisin məlumatında deyilir ki, sürücü saxlanıb və hadisə ilə bağlı cinayət işi qaldırılıb.

Şəhərin nəqliyyat rəsmiləri 28 yaşlı qırğız sürücünün fotosunu yayıb. Sürücü qəzanın bədbəxt hadisə olduğunu deyir.

Polisin yaydığı videoda isə sürücü çaşaraq əyləc əvəzinə qazı basdığını söyləyib.

Qırğızıstanın Moskvadakı səfriliyindən AzadlıqRadiosuna bildirilib ki, Bişkək hadisələrin gedişini izləyir.

Meksikanın Moskvadakı səfirliyindən isə bildirilib ki, insident zamanı iki Meksika vətəndaşı “yüngül xəsarətlər” alıb.

Rusiyanın TASS agentliyi xəbər verir ki, xəsarət alanlardan ikisi meksikalı, ikisi rusiyalı və biri ukraynalıdır.

RIA Novosti agentliyinin məlumatında qeyd olunur ki, xəsarət alanların arasında iki Azərbaycan vətəndaşı da var.

XS
SM
MD
LG