Accessibility links

Moskvada Rusiya, Azərbaycan, Ermənistan rəhbərlərinin üçtərəfli formatda görüşü olacaq


Yanvarın 11-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş olacaq. Üçtərəfli danışıqlar zamanı Qarabağdakı nizamlanmanın gedişatı nəzərdən keçiriləcək.

Bu barədə Rusiya prezidentinin rəsmi internet saytı kreml.ru məlumat yayıb.

Məlumatda deyilir ki, tərəflər 10 noyabr üçtərəfli bəyanatının icra edilməsinin gedişatını, bölgədəki problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımları müzakirə etməyi planlaşdırır.

“Döyüş əməliyyatlarına məruz qalan bölgələrin sakinlərinə yardım göstərilməsi, ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin açılması və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcək,” məlumatda deyilir.

Bundan əlavə, Vladimir Putinin İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda görüşü də nəzərdə tutulub.

Bu gün həmçinin Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefonla Rusiya, Ermənistan və Azərbaycan liderlərinin yanvarın 11-də Moskvada keçiriləcək üçtərəfli görüşü ilə bağlı bəzi məsələləri müzakirə edib.

"ATƏT-in Minsk Qrupu həmsədrlərinin hərəkətlərinin koordinasiyası çərçivəsində Vladimir Putin Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb. Telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçiriləcək üçtərəfli görüşü ilə bağlı bəzi məsələlər müzakirə edilib," Kremlin mətbuat xidmətinin məlumatında deyilir.

Ermənistan baş nazirinin mətbuat xidməti bildirib ki, görüşdən sonra ortaq bir bəyanat qəbul edilə bilər, lakin bu danışıqların nəticələrindən asılı olacaq.

Azərbaycan prezidentinin ofisi hələ görüşlə bağlı məlumat yaymayıb.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında sentyabrın 27-də hərbi əməliyyatlar başlayıb və 30 ildən artıq davam edən münaqişənin davamı olub. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın.

Birgə bəyanatda həmçinin hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhliznin açılması əksini tapıb.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG