Accessibility links

Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü başlayıb


Yanvarın 11-də prezident Vladimir Putinin təşəbbüsü ilə Moskvada Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü keçirilir.

Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyana Qarabağda nizamlanmanın əsas istiqamətləri üzrə yeni addımların müzakirəsini təklif edib.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin Qarabağ üzrə razılaşmanın ardıcıllıqla icra olunduğunu və bunun münaqişənin ədalətli həllinə zəmin yaratdığını deyib.

"Bu gün ilk növbədə, ötən il noyabrın 9-da qəbul edilmiş birgə bəyanatda qeyd olunan nizamlanmanın əsas istiqamətləri üzrə növbəti addımların müəyyənləşdirilməsi vacib olardı. Rusiyanın sülhməramlı kontingentinin fəaliyyəti, demarkasiya xətlərinin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli, mədəni irs obyektlərinin mühafizəsi ilə bağlı məsələləri nəzərdə tuturam," Putin deyib.

Rusiya lideri qeyd edib ki, "regionda iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin açılması, sərhədlərin açılması" məsələsi xüsusi diqqətə layiqdir.

"Ehtimal olunur ki, bu məsələlərlə Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin sədrliyilə xüsusi üçtərəfli işçi qrup məşğul olacaq.”

O ümid etdiyini bildirib ki, danışıqlar "işgüzar şəraitdə keçəcək və regionda davamlı sülhün, təhlükəsizliyin və ardıcıl sosial-iqtisadi inkişafın təminatına xidmət edəcək.

Rusiya prezidenti bildirib ki, Qarabağa dair razılaşmalar ardıcıl olaraq həyata keçirilir, bu, münaqişənin ədalətli əsasda həlli üçün zəmin yaradır.

"Bu gün üçtərəfli razılaşmaların ardıcıl olaraq həyata keçirildiyini məmnunluqla qeyd etmək olar. Bizim fikrimizcə, bu, köhnə münaqişənin həm Erməni, həm də Azərbaycan xalqlarının maraqlarına uyğun ədalətli əsasda uzunmüddətli və tam formatlı həlli üçün lazımi şərait yaradır," o bildirib.

Putin qeyd edib ki, Rusiya hər üç ölkəni birləşdirən tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirir. O, Rusiyanın aktiv vasitəçilik fəaliyyətini müsbət qarşıladıqlarına görə Əliyev və Paşinyana təşəkkür edib.

"Biz sizinlə daim əlaqədə idik, kompromis axtarırdıq. Məhz bizim ümumi səylərimiz nəticəsində, intensiv, o cümlədən, xatırlayırsınız, telefon danışıqlarından sonra noyabrın 9-da sizinlə imzaladığımız üçtərəfli bəyanat razılaşdırıldı," Rusiya lideri bildirib.

Putin vurğulayıb ki, Rusiya bütün hərəkətlərində ATƏT-in Minsk Qrupunda əldə olunmuş əsas nailiyyətlərə əməl etməyə çalışıb.

Onun sözlərinə görə, Rusiya tərəfi öz fəaliyyətini Minsk Qrupunun tərəfdaşları və sədri ilə uyğunlaşdırmaqda davam edir.

"Hazırda regionda vəziyyət sakitdir. Məcburi köçkünlərin və qaçqınların təhlükəsiz qayıtması üçün çox işlər görürük. 14 noyabrdan (2020-ci il) Qarabağa 48 mindən artıq insan qayıdıb," Putin bildirib.

"Rusiyanın vasitəçiliyilə əsirlərin və həlak olanların cəsədlərinin mübadiləsi aparılıb. Bundan əlavə, beynəlxalq humanitar mərkəz uğurla fəaliyyət göstərir. Bu mərkəz çərçivəsində yaşayış məntəqələrində normal həyatın qurulması, dağıdılmış infrastrukturun bərpası, tarixi, dini və mədəniyyət abidələrinin qorunması ilə bağlı vacib məsələlər həll olunur," o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG