Accessibility links

Dilarə Əsgərova: İranla danışıqlarda Fəridin taleyinin prioritet olmasını xahiş edirəm


Fərid Səfərli (Fotonu Amerikanın Səsinə Fərid Səfərlinin anası Dilarə Əsgərova təqdim edib)
Fərid Səfərli (Fotonu Amerikanın Səsinə Fərid Səfərlinin anası Dilarə Əsgərova təqdim edib)

İrana səfər etməsindən 55 gün keçməsinə baxmayaraq Almaniyanın Yena Universiteinin tələbəsi, Azərbaycan vətəndaşı Fərid Səfərlinin ailəsi onun barəsində məlumat ala bilmir.

Bu barədə bu il fevralın 20-də Almaniyadan İrana səfər edən və sonra barəsində məlumat olmayan Fərid Səfərlinin anası Dilarə Əsgərova aprelin 15-də Amerikanın Səsinə bildirib.

Ana: Iranla danışıqlarda Fəridin taleyinin prioritet olmasını xahiş edirəm
please wait

No media source currently available

0:00 0:05:30 0:00

“Azərbaycanda olanda Xarici İşlər Nazirliyində mənə bildirdilər ki, martın 28-də İranın Bakıdakı səfirliyinə ikinci nota (birinci nota martın 9-da olub-red) veriblər. Amma birinci nota kimi ikinci notaya da indiyədək heç bir reaksiya verilmir. Mən çox ümidli idim ki, Fərid aprelədək gələcək. Çünki Fərid apreldə Leipsig şəhərinə köçüb orada böyük bir şirkətdə data-analiz sahəsində işləməli idi. Bu işə qəbul olunmaq üçün çox böyük zəhmət çəkmişdi. Bu günlərdə məlumat aldım ki, Fərid gələ bilmədiyinə görə müqaviləsi ləğv olunub. Bu xəbər də mənim üçün çox üzücü oldu. Bu hadisə həm də Fəridin karyerasına çox böyük zərbə oldu”, Dilarə Əsgərova qeyd edib.

Əsgərova İranın notalara, onun müraciətlərinə cavab verməməsinin səbəbini bilmir.

“Məsələn, martin 21-də İranda iki azərbaycanlı həbs edilib. Onları ailələri ilə danışdırıblar. Vaxtı ilə İranda həbs edilmiş şair Şəhriyar del Gerani ilə danışdım. O dedi ki, həbsinin 21-ci günündə ailəsi ilə danışdırıblar. Dünən İranda həbs olunan başqa azərbaycanlılar haqqında məlumat oxumuşam. Özümə yer tapa bilmirəm. Bu vaxta qədər narahatlığım biraz az idi ki həbs olunub. Əgər həbs olunubsa o birilər kimi valideynləri ilə, ailəsi ilə əlaqə yaratsınlar. Dünəndən özümə yer tapa bilmirəm. Bəlkə heç həbs olunmayıb, bəlkə həyatda yoxdur”, o qeyd edib.

O deyib ki, Azərbaycanın Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ona zəng edib.

“O dedi ki, köməkçilərinə tapşırıb, hər cür köməklik edəcəklər. Amma nədənsə sonradan əlaqələr kəsildi. Mən Fuad müəllimə müraciət edirəm. Fuad müəllim siz mənimlə telefonla danışanda dediniz ki, Fəridlə bağlı övladlarınız qədər narahatsınız. Mən sizin səmimiyyətinizə inanıram. Lütfən qurum olaraq beynəlxalq təşkilatlara müraciətlər hazırlatdırın. Məsələn, BMT-nin İnsan Haqları Komitəsinə, Amnesty International təşkilatına, bu kimi digər təşkilatlara müraciət edin. Bu təşkilatlar bir qurum kimi sizin müraciətlərə daha tez reaksiya verər, nəinki sadə bir vətəndaşa. Bu mənim üçün çox böyük dəstək olardı”.

Əsgərova Amerikanın Səsi vasitəsi ilə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevə də müraciət edib.

“Bu günlərdə xəbər oxudum ki, Hikmət müəllim İran səfiri ilə görüşüb. Məndə bir ümid yarandı ki, bəlkə Hikmət müəllim Fəridin məsələsinə də toxunar. Amma xəbərlərdə buna rast gəlmədim. Çox arzu edərdim ki, orada Fərid barədə də söhbət açılsın. Məm Hikmət müəllimə müraciət edirəm. Siz pandemiya dövründə çıxışlarınızın birində dediniz ki, valideynlərinizlə ancaq telefonla danışa bilirdiniz. Bunun çox narahatedici olduğunu dilə gətirmişdiniz. Siz indi özünüzü mənim yerimə qoyun. Mən övladımla nəinki telefonla danışa bilmirəm, hətta onun həyatda olub-olmaması barədə dəqiq məlumatım yoxdur. Xahiş edirəm görüşlərdə bir gəncin taleyini də mütləq müzakirəyə çıxarın. Bütün təsir vasitələrindən istifadə edin ki, İran hökuməti bir gəncin taleyi barədə məlumat versin ki, sağdır, sağ deyil”.

Əsgərova bildirib ki, o Xarici İşlər Nazirliyində olarkən ona deyiblər ki, bu işlə şəxsən nazir Ceyhun Bayramov məşğuldur.

“Mən Ceyhun müəllimə də müraciət etmək istəyirəm ki, İran notalara cavab vermir, xarici təşkilatlara müraciət edib, bu yolla İrana təsir etməyə çalışsınlar”.

O deyib ki, nazir Ceyhun Bayramov İran xarici işlər naziri ilə telefon danışığı aparır.

“Bu telefon danışıqlarında Fəridin məsələsinin qaldırılıb-qaldırılmaması barədə mənə məlumat verilməyib. Xəbərləri də diqqətlə izləyirəm. Xahiş edirəm ki, danışıqlarda Azərbaycan vətəndaşının taleyi də prioritet olsun”, o qeyd edib.

Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

Dilarə Əsgərova Amerikanın Səsinə bildirib ki, bir müddət əvvəl Fərid Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.

"Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib", o qeyd edib.

Dilarə Əsgərova deyib ki, Almaniyada Fəridin yaşadığı Yena şəhər polisi oğlunun Tehrandan heç yerə uçmadığını bildirib.

Dilarə Əsgərova və Yena polisi İranın Almaniyadakı səfirliyinə də Fərid Səfərlinin taleyi ilə bağlı məlumat verilməsi üçün müraciət edib. Amma hələ bu müraciətlərə cavab verilməyib.

Əsgərova martın son günlərində İranda da oğlunu axtarıb, amma oğlu ilə bağlı məlumat əldə edə bilməyib. Bundan sonra ana martın 31-də İranın Azərbaycandakı səfirinin müavini ilə görüşüb. Səfir müavini uzağı aprelin 4-dək Fərid Səfərli ilə bağlı notaya cavab veriləcəyini bildirib. Lakin bu günədək Fərid Səfərlinin taleyi ilə bağlı nə Azərbaycan Xarici İşlər Nazirliyinin notalarına cavab verilib, nə də anaya oğlu barədə məlumat verilib.

Azərbaycan Xarici İşlər Nazirliyi Amerikanın Səsinin Fərid Səfərli ilə bağlı notalara İran tərəfinin cavab verib-verməməsi və danışıqlarda onun taleyi ilə bağlı məsələnin söhbət mövzusu olub-olmaması barədə sorğusuna hələ cavab verməyib.

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG