Accessibility links

Mərkəzi Seçki Komissiyası Mehman Hüseynovun şikayətinə baxacaq


Mehman Hüseynov seçki protokollarını təqdim edir

Milli Məclissə seçkilər üzrə 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd bloger Mehman Hüseynovun parlament seçkilərində rəqibi Fərəc Quliyev tərəfindən ələ alınması ilə bağlı şikayətinə Mərkəzi Seçki Komissiyası (MSK) baxacaq.

Bu barədə Mehman Hüseynov MSK nümayəndələrinə istinadən məlumat verib.

“Dünən iş gününün sonunda MSK-da olduq. Bizə dedilər ki, mənim şikayətim artıq daxil olub və baxılacaq,” Hüseynov deyib.

Dairə Seçki Komissiyasında da blogerin şikayətinin qəbul edildiyini təsdiqləyiblər.

“Mənə dedilər ki, bu məsələ MSK-nın səlahiyyətindədir,” o qeyd edib.

Fevralın 1-də Mehman Hüseynov Fərəc Quliyevlə söhbətinin audioyazısını yayımlayıb. O, blogerə 15 min manat qarşılığında namizədliyini geri götürməyi təklif edir.

Fərəc Quliyev audioyazının həqiqi olduğunu etiraf edib, bildirib ki, pulu onu ələ almaq üçün deyil, müalicə üçün təklif edib.

Hüquqşünaslar Fərəc Quliyevin hərəkətində cinayət əməlinin əlamətləri olduğunu və namizədliyinin ləğv edilməli olduğuna dair fikir səsləndiriblər.

Müxalif düşərgədə olan Fərəc Quliyev 1995-ci ildə həbs edilib. 2002-ci ildə əfv edilib və azadlığa buraxıldıqdan sonra keçmiş tərəfdaşlarını - demokratları və Xalq Cəbhəsi tərəfdarlarını kəskin tənqid etməyə başlayıb.

2010 və 2015-ci illərdə Fərəc Quliyev Milli Dirçəliş Hərəkatı Partiyasının sədri kimi parlamentin deputatı seçilib.

XS
SM
MD
LG