Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 24-ü bazar günü keçirilən seçkilərdən sonra ikinci müddətə yenidən prezident seçilib. Özbəkistanın Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, seçicilərin 80,1 faizi ona səs verib. MSK Şavkat Mirziyoyevin prezident seçildiyini elan edib.
Qərb müşahidəçiləri real müxalifətin olmadığı "rəqabətsiz" adlandırdıqları seçkilərdə səsvermənin nəticələrini gözlənilən kimi qiymətləndirib.
MSK-nın məlumatına görə, Xalq Demokratik Partiyasından Maksuda Vorisova 6,6 faiz, Demokrat Partiyasından Alişer Kodirov 5,5 faiz, Ekologiya Partiyasından Narzulla Oblomuradov 4,1 faiz və "Adolat" Sosial Demokrat Partiyasından Bəhrom Abduhəlimov 3.4 faiz səs toplayıb.
Mərkəzi Seçki Komissiyasının rəhbəri Zayniddin Nizamxocayev bildirib ki, bütün bülletenlər sayılıb. Seçkilərdə qeydə alınan 16,212,343 (son məlumatlara görə 20,158,907) seçici və ya 80,4 faizi iştirak edib . Erkən səsvermədə 421 mindən çox adam iştirak edib.
Çoxsaylı politoloqlar, jurnalistlər və hüquq müdafiəçiləri qeyd edirlər ki, Özbəkistanda keçirilən seçkiləri rəqabətli adlandırmaq olmaz, belə ki, müxalifət nümayəndələrinin iştirakına icazə verilməyib. Hazırkı dövlət başçısı Şavkat Mirziyoyevlə yalnız digər hökumətyönlü partiyaların nümayəndələri prezidentlik uğrunda yarışıb.
Vladimir Putin, Aleksandr Lukaşenko və Kasım-Comart Tokayev Şavkat Mirziyayevi Özbəkistanda keçirilən prezident seçkilərində qazandığı qələbə münasibətilə artıq təbrik ediblər. Lakin MSK hələlik rəsmi nəticələri açıqlamayıb.
Bundan əvvəl ölkənin hazırkı prezidenti Şavkat Mirziyoyevin prezident seçkilərində 90 faiz səs topladığı bildirilmişdi. MSK səsvermənin rəsmi nəticələrinin yalnız günortadan sonra açıqlanacağını bildirərək bunu təkzib edib. Səsvermənin yekun nəticələrinin oktyabrın sonuna qədər açıqlanacağı gözlənilir.