Accessibility links

MSK-nin binası qarşısında növbəti etiraz aksiyası keçirilib


Gündüz Ağayevin seçkilərlə bağlı karikaturası (Gündüz Ağayevin Facebook səhifəsindəndir)
Gündüz Ağayevin seçkilərlə bağlı karikaturası (Gündüz Ağayevin Facebook səhifəsindəndir)

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 18-də keçirilən iclasında Milli Məclisə seçkilər üzrə 29 saylı Səbail Seçki Dairəsi (lider namizəd Nigar Arpadarai) üzrə şikayətə baxıb.

Həmin dairədən deputatlığa namizəd, ictimai fəal Bəxtiyar Hacıyev hesab edir ki, Mərkəzi Seçki Komissiyası bu dairə üzrə səsvermənin nəticələrini etibarsız saymalıdır. Hacıyev Facebook səhifəsində dairədəki məntəqələr üzrə çoxsaylı video görüntülər yayıb və məntəqə seçki komissiyasında hesablanan səslərin sayının Arpadarainin xeyrinə saxtalaşdırıldığını iddia edir. O, MSK-nin araşdırmasına inanmır.

“29-cu dairəni YAP-ın MSKdakı təmsilçisi Ramiz İbrahimova tapşırıblar. Adam dünən axşam məni çağırdı, havadan, sudan danışdı, "protokollarınız DSKdadır, sabah birlikdə baxarıq" dedi. Bu gün deyir özüm baxmışam, sənə ehtiyac yoxdur,” o, Facebook səhifəsində yazıb.

Yerli media 29 saylı seçki dairəsində 6 məntəqdə səsvermənin nəticələrinin etibarsız sayılması barədə MSK-nin qərar verdiyini yazıb. Bununla yanaşı Hacıyev həmin məlumatların düzgün olmadığını bildirib. MSK isə 29 saylı Seçki Dairəsi ilə bağlı hansı qərar qəbul etdiyi barədə hələ rəsmi məlumat yaymayıb.

Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov bildirib ki, Bəxtiyar Hacıyev şikayətində səsvermənin nəticəsinin seçicilərin iradəsini əks etdirmədiyi üçün həmin dairədə seçkilərin nəticəsinin ləğvini tələb edib.

“Şikayət Ekspert Qrupu tərəfindən araşdırılıb. Bəxtiyar Hacıyev müraciətində araşdırmada iştirak etmək istədiyini bildirib. Araşdırma 3 istiqamətdə aparılıb: müraciət edənin MSK-ya təqdim etdiyi sənədlər, sosial şəbəkədə yayılan görüntülər və Dairə Seçki Komissiyasından alınan protokollar. Şikayət Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə araşdırılıb”.

İbrahimov qeyd edib ki, Hacıyev müraciətində 22 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsini tələb edib.

“Namizəd MSK-ya və DSK-ya göndərdiyi əlavələrdə məntəqə seçki komissiyasından əldə edilmiş protokolları təqdim edib. Bu protokollar rəsmi protokollardan fərqlidir. Araşdırma 25 protokolu əhatə edir. Lakin həmin protokollardan, sadəcə 9-u orijinal protokollarla eynilik təşkil edir”.

Ramiz İbrahimov nəzərə çatdırıb ki, aparılmış araşdırmanın nəticəsi olaraq, göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə 1, 5, 9, 11, 17, 25 saylı seçki məntəqələrində seçkinin nəticəsinin etibarsız sayılmasına əsas yaradır. Buna görə də bu seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılmalıdır.

MSK 29 saylı Səbail Seçki dairəsinin 1, 5, 9, 11, 17, 25 seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul etməklə, şikayəti qismən təmin edib.

Bəxtiyar Hacıyev çıxış edərək araşdırmanın nəticəsindən narazı qaldığını bildirib, 23 saylı seçki məntəqəsində baş verənlərin ciddi şəkildə araşdırılmasına ehtiyac olduğunu deyib. O, MSK-ya həmin seçki məntəqəsində baş verənləri əks etdirən görüntülər təqdim etdiyini, həmin görüntüləri sosial şəbəkələrdə yaydığını söyləyib.

MSK sədri Məzahir Pənahov 29 saylı Səbail Seçki Dairəsinin 23 saylı seçki məntəqəsində baş verənlərin ciddi şəkildə araşdırılacağını bildirib.

“23 saylı məntəqə ilə bağlı heç kim narahat olmasın, ciddi araşdırma aparılacaq,” o qeyd edib.

Hacıyev facebook səhifəsində yazıb ki, MSK 29 saylı Seçki Dairəsi ilə bağlı qerar verməyib. Mətbuat səhv məlumat yayib.

“6 məntəqnin ləğvi təklif olundu. Razılaşmadıq, əlavə sübutlar təqdim etdik. Onlar da araşdırılacaq. Qərar bundan sonra veriləcək,” o facebook səhifəsində yazıb.

Mərkəzi Seçki Komissiyası bu gün keçirilən iclasında 56 saylı Xaçmaz Kənd Seçki Dairəsi üzrə (lider namizəd Sevil Mikayılova) deputatlığa namizəd Zeyqam Hüseynovun müraciətinə baxıb və Dairə Seçki Komissiyasının qərarını qüvvədə saxlayıb.

MSK 123 saylı Kəlbəcər Seçki Dairəsində (lider namizəd Aqil Məmmədov) bir məntəqə üzrə, 79 saylı İmişli Seçki Dairəsində (lider namizəd Razi Nurullayev) beş məntəqə üzrə səsvermənin nəticələrini etibarsız sayıb.

Bu gün, fevralın 18-də bir qrup deputatlığa namizəd Mərkəzi Seçki Komissiyasının binası qarşısında yenidən etiraz aksiyası keçirib.

Mərkəzi Seçki Komissiyasının binası qarşısında aksiya
Mərkəzi Seçki Komissiyasının binası qarşısında aksiya

Aksiyada deputatlığa namizədlər Xalid Bağırov, Nurlanə Cəlil, Rəbiyyə Məmmədova, Səməd Rəhimli və digərləri iştirak edib. Deputatlığa namizədlərin bir qismi Mərkəzi Seçki Komissiyasının onların şikayətini düzgün araşdırmadığını bildirib. Digər namziədlər isə MSK-nı şikayətləri ilə bağlı ədalətli qərar çıxarmağa çağırıb.

Polis aksiyaya müdaxilə edib və namizədlərin ərazini tərk etməsini tələb edib.

Deputatlığa namizəd Xalid Bağırov ərazidən uzaqlaşdırılaraq Bayraq meydanı yaxınlığında sərbəst buraxılıb.

XS
SM
MD
LG