İran ayətullahlarının Azərbaycan yazarları barədə fitva verməsini və ya publisistin ölümünü alqışlamasını Mətbuat Şurası kəskin şəkildə pisləyir. Bu fitvaları və bəyanatı Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndiririk. Bu bəyanatla bu gün Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib.
O bildirib ki, İranda müəyyən səlahiyyətli şəxslər Rafiq Tağının öldürülməsi ilə bağlı çıxışlar edib. “Mətbuat Şurası yazıçı Rafiq Tağının qətlini pisləyir”.
Mətbuat Şurası yazıçı bıçaqlanan gün Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət edib. “Hazırda istintaq araşdırmalarını davam etdirir. Mətbuat Şurası birmənalı şəkildə qətlin üstünün açılmasını, günahkarların müəyyənləşdirilib, həbsini istəyir”.
Yazıçı Rafiq Tağı noyabrın 19-da evinə gedərkən naməlum şəxs tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Noyabrın 23-də xəstəxanada vəfat edib. Yazıçı “İran və qloballaşmanın qaçılmazlığı” adlı İranı kəskin edən yazısının dərcindən bir neçə gün sonra bıçaqlanıb. 2006-cı ildə dini xurafatı tənqid edən “Avropa və biz” yazısından sonra Rafiq Tağının ölümünə İran ayətullahları fitva verib. Azərbaycan məhkəməsi isə yazıçını həbs edib. 9 ay həbsdən sonra prezident tərəfindən əfv edilib.
Mətbuat Şurasının sədri Amerikanın Səsi radiosuna bildirib ki, Rafiq Tağı xəstəxanada olarkən onunla görüşüb. “Rafiq Tağı dedi ki, bıçaqlanması yazıları ilə bağlı ola bilər. Bildirdi ki, son zamanlar kəskin tənqidi yazılarla çıxış edirmiş”, deyə o qeyd edib.
Əflatun Amaşov bunu Azərbaycanın daxili işlərinə qarışma kimi qiymətləndirir.